Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib
Siyasət

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Dekabrın 16-da Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət  və hökumət üzvləri, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzab ölkəsinin regional və beynəlxalq səviyyədə inkişaf dinamikasına əsas töhfə verən ölkələrdən biri olduğunu deyib. Səfir bildirib ki, dünyanın müxtəlif nöqtələrində inkişaf layihələrinə verdiyi dəstəklə, humanitar böhran və çətinliklərə verdiyi cavablarla Qətər BMT-nin hədəflərini və əsas resurslarını dəstəkləyən sadiq tərəfdaşa çevrilib.

"Qətər-Azərbaycan münasibətləri ortaq sivil humanist dəyərlərə, güclü dostluğa, birgə əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanır, bu əlaqələr qarşılıqlı hörmət və etimadla daha da inkişaf edir. İki ölkənin rəhbərliyi xalqlarımızın rifahı üçün siyasi, iqtisadi, sosial sahələrdə əlaqələri daha da genişləndirməkdə maraqlıdırlar. Qətər bu əlaqələri inkişaf etdirərək, şirkətlər üçün ticari mübadilələri və investisiya imkanlarını təmin edərək Azərbaycanla əlaqələrin daha da inkişafına çalışır", - deyə diplomat əlavə edib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti adından Qətər Dövlətini Milli Günü münasibətilə təbrik edib. "Bu gün Azərbaycan-Qətər münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır. Şübhəsiz ki, siyasi dialoqun yüksək səviyyəsini iki ölkənin liderlərinin  siyasi iradəsi və müdrikliyi şərtləndirir. Hər iki lider ölkələrinin əməkdaşlığına xüsusi önəm verir. Bizim ölkələr beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, hər zaman mühüm məsələlərin həllində bir-birini dəstəkləyir. Yüksək səviyyəli səfərlər zamanı əldə olunan razılaşmalar, imzalanan sənədlər münasibətlərin hüquqi bazasını formalaşdırıb. Ümumilikdə, iki ölkə arasında 40-a yaxın sənəd imzalanıb", - deyə nazir bildirib.

Sahil Babayev qeyd edib ki, Qətər Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd Bin Abdulrəhman Əl Taninin bu ilin oktyabrında Azərbaycana səfəri zamanı Azərbaycan və Qətər hökumətləri arasında imzalanmış yeni müqavilə iki ölkənin münasibətlərindəki tendensiyanın parlaq nümunəsidir. Bu, iki ölkə arasında biznes və turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə kömək edəcək. İki ölkə arasında 2016-cı ildə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.

"Mən əminəm ki, Qətərin biznes dairəsi bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş Ələt Azad İqtisadi Zonasında reallaşdırılan layihələrdə iştirak etməkdə maraqlıdır", - deyə nazir qeyd edib.

S.Babayev Azərbaycanın 30 il ərzində işğal altında olmuş torpaqlarının Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə cəsur Azərbaycan Ordusu tərəfindən azad edildiyini xatırladıb. Hazırda azad edilmiş bu torpaqlarda böyükmiqyaslı bərpa və quruculuq işləri aparılır. Qətərli biznesmenlərə, bu ölkənin iş dünyasına və investorlara bu ərazilərə sərmayə qoymaq təklif edilir.

 AZƏRTAC