Bakıda “Qars müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət
Siyasət

Bakıda “Qars müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət" adlı konfrans keçirilib

Oktyabrın 4-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda "Qars müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət" adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Qars müqaviləsinin tək tarixi nöqteyi-nəzərdən deyil, bu günün reallıqlarına baxdıqda hələ də qüvvədə olan, böyük əhəmiyyətə malik bir sənəd olduğunu deyib. Fərid Şəfiyev imzaladığı sənədlərdən sonradan imtina edən Ermənistanın 44 günlük müharibənin yekununda imzalanmış 10 noyabr Bəyanatını da başqa şəkildə yozmaq istədiyini dilə gətirib. "Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir. Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndindəki Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni başqa istiqamətə yozmaq istəyir. Onlar üçün öhdəlik deyilən bir anlayış yoxdur", - deyə BMTM-in İdarə Heyətinin sədri bildirib.

Daha sonra çıxış edən Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar bildirib ki, Qars müqaviləsinin əsas maddəsi ondan ibarətdir ki, Ermənistan bölgədəki ölkələrə qarşı ərazi iddialarından tamamilə əl çəkir. Onun sözlərinə görə, sənəd sübut edir ki, Ermənistan o zaman da Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı torpaq iddialarında olub. Bu müqavilə Azərbaycanla Türkiyəni Ermənistana qarşı güclü edən bir sənəddir. Qars müqaviləsinin imzalanması Şuşa Bəyannaməsinin və Azərbaycan, Türkiyə, Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsinin imzalanması üçün hüquqi zəmin yaradıb.

Aygün Attar qeyd edib ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətləri üçün siyasi, iqtisadi, hərbi anlamda vacib sənəddir və münasibətlərin yeni mərhələyə qədəm qoyması deməkdir.

Daha sonra tədbir panel müzakirələri ilə davam etdirilib. Milli Məclisin deputatı Musa Qasımlı, Türkiyə Diplomatiya Vəqfinin Direktoru Oğuzhan Bilgin, Bakı Dövlət Universitetinin müəllimləri Nəsiman Yaqublu və Mətin Məmmədli, BMTM şöbə müdiri Cavid Vəliyev, Girəsun Universitetinin müəllimi Yalçın Sarıkaya, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı çıxış edərək Qars müqaviləsinin imzalandığı tarixi şəraitdən, əhəmiyyətindən və bu gün vacib, strateji sənədə çevrilməsindən danışıblar.

AZƏRTAC