Bakıda Prezident İlham Əliyevin yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib
Ekologiya

Bakıda Prezident İlham Əliyevin yubileyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

Dekabrın 27-də paytaxtın Binəqədi rayonunun Xocasən qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr olunan genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar təşkil olunan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, "Cəmiyyətin və Medianın İnkişafı" İctimai Birliyinin rəhbər şəxslərinin, məsul əməkdaşlarının və media nümayəndələrinin qatıldıqları aksiya zamanı 500-dən çox şam və zeytun ağacı əkilib.

Medianın İnkişafı Agentliyi İdarə Heyətinin İcraçı direktoru Əhməd İsmayılov cəmiyyətin bütün nümayəndələrinin bu çağırışa qoşulmasından məmnunluğunu bildirib. O deyib: "Sevindirici haldır ki, dövlət və özəl təşkilatların, QHT, media və ictimaiyyət nümayəndələrinin ağacəkmə kampaniyalarına yüksək fəallıqla qoşulması artıq bir ənənə halını alıb və hər kəs bu cür aksiyalarda yaxından iştirak edərək ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsinə əməli töhfə verir".

 Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, ağacəkmə kampaniyası Azərbaycan ekoloqlarının cəmiyyətə etdikləri çağırışa verilən cavabdır. Ayrı-ayrı insanların və təşkilatların bu çağırışa həvəslə qoşulması onu göstərir ki, cəmiyyətimiz ekoloji tarazlığın qorunması işinə nə dərəcədə həssaslıqla yanaşır.

Bu kampaniyanın artıq bir neçə ildir davam etdiyini bildirən nazir müavini təbiətin "ağ ciyəri" hesab edilən ağaclara həssas münasibətin formalaşmasını hər bir cəmiyyət üçün başlıca göstərici hesab edildiyini vurğulayıb.

AZƏRTAC