Bakıda “Korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda müzakirələr aparılıb
Digər xəbərlər

Bakıda “Korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda müzakirələr aparılıb

Yanvarın 15-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində verdiyi tövsiyələrinin, ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.

O, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət prosesində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib və onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb. Bildirilib ki, dövlətimizin başçısının ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı tövsiyələri qarşımızda yeni vəzifələr qoyur.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov ölkəmizdə korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparıldığını diqqətə çatdıraraq, bu məsələdə vətəndaşlarla sıx təmasda işləyən QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Deyib ki, ictimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, müsahibəsində bir çox mühüm məqamlara toxunan dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı yeni gündəlik təqdim etdi. Ölkəmizdə ictimai nəzarətin hüquqi əsaslarının və institutların mövcud olduğunu diqqətə çatdıran Ə.Nuriyev bu sahədə fəallığın artırılmasının vacibliyini vurğulayıb və ictimai şuraların fəaliyyətinin mərkəzləşməsinin mühüm məsələ olduğunu qeyd edib.

Korrupsiyaya qarşı mübarizədə medianın və ictimai nəzarətin xüsusi rolunu vurğulayan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsinin nəzarətdə saxlanılmasının vacibliyini bildirib.

Digər çıxış edənlər - Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, "Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov, "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Samir İsayev, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə və digərləri korrupsiyaya qarşı mübarizədə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolunu vurğulayıb, onların fəallıqlarının artırılmasının vacibliyini qeyd ediblər. Onlar QHT-lərin media ilə əlaqəli işləməsinin və dialoq platformasının yaradılmasının vacibliyini diqqətə çatdırıblar.

QHT-lərin korrupsiya ilə mübarizədə fəaliyyətlərinin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndirilib.

Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.

AZƏRTAC