Bakıda IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib
Səhiyyə

Bakıda IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib

Dekabrın 18-də Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib.

 AZƏRTAC xəbər verir ki, hibrid formatda yayımlanan tədbirdə ölkəmizin həkim-onkoloqları ilə yanaşı Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya və Fransanın uroonkoloji xəstəliklər üzrə ixtisaslaşmış mütəxəssisləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktor müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev regionda ən böyük, müasir cihaz və avadanlıqlar və texnologiyalarla təchiz olunmuş mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, ölkəmizdə son illərdə uroonkologiya sahəsində ciddi irəliləyiş və uğurlu nəticələrin əldə olunduğunu diqqətə çatdırıb və simpoziumun prostat xərçənginin müalicəsi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacağını bildirib.

 AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbədən və onun doğurduğu böyük ruh yüksəkliyindən danışıb. Torpaqlarımızın azad olunması uğrunda haqq savaşında həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Simpoziumda onkologiyanın aktual məsələləri, müasir dövrdə uroonkologiya sahəsində tətbiq edilən müasir metod və yeniliklər müzakirə olunub.

ABŞ-ın Milli Xərçəng İnstitutunun həkim-onkoloqu Barış Türkbeyin "MRT-nin prostat vəzi xərçənginin diaqnostikasında rolu" mövzusunda məruzəsində son illər prostat vəzinin diaqnostikasında MRT-nin ən çox müraciət olunan üsullardan və bu sahədə aparılan araşdırmalardan bəhs edib. Onun dediyinə görə, tədqiqatların nəticələrinə əsasən, xərçəngin müəyyən olunmasında MRT əsaslı yanaşma 30 faiz daha dəqiq məlumat verib və prostat vəzi xərçənginin diaqnozunun qoyulmasında MRT müayinəsinin üstünlüklərindən bəhs edib.

 Türkiyənin Anadolu Sağlıq Mərkəzinin uroloqu Elnur Allahverdiyev "PSA və MRI-fusion biopsiyası" adlı məruzəsində ilk dəfə 1930-cu ildə icra olunmağa başlayan konvensional prostat biopsiyasının xərçəngi müəyyən etməyin faizlə nisbətini diqqətə çatdırıb. Uroloq qeyd edib ki, standart prostat biopsiyası 39,5 faiz dəqiqlik göstərsə də, MRI-fusion biopsiyası 53,4 faiz doğru nəticə göstərir.

"Oliqometastatik prostat vəzi xərçəngi" mövzusunda çıxış edən Milli Onkologiya Mərkəzinin Baş direktor müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev 2018-ci ildə dünyada 1,3 milyon xəstəyə prostat vəzi xərçəngi diaqnozu qoyulduğunu, onların 20 faizində uzaq metastazlar aşkar edildiyini deyib. O, aparılan araşdırmalara əsasən belə bir qənaətə gəlindiyini açıqlayıb ki, prostat xərçəngi zamanı limfa düyünləri zədələnənlərin 43 ay, sümük zədələnməsi zamanı 24 ay, digər orqanlara metastaz yayılması zamanı isə daha az sağ qalma müddəti olur. Onkoloq-alim oliqometastatik prostat vəzi xərçəngi ilə bağlı davam edən tədqiqatlar barədə ətraflı məlumat verib, xəstəliyin müalicəsində tətbiq olunan terapiya üsullarından bəhs edib.

Fransanın Sorbonna Universitetinin professoru, Avropa Uroonkoloji Cəmiyyətinin sədri Morgan Roupret "Yuxarı sidik yolları xərçənginin müalicəsinə müasir yanaşma", Almaniyanın Köln Universitetinin professoru Axel Heidenreich "Yüksək risk qrup xəstələrdə təhlükəli radikal prostatektomiya", Nüvə Təbabəti Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov "Metastatik prostat vəzi xərçəngində molekulyar diaqnostika və 177Lu/225Ac-PSMA ilə target müalicə" mövzusunda məruzə ediblər.

Simpoziumda "Laporoskopik radikal nefrektomiya: Böyrək şişlər üçün qızıl standart", "Genetik markerlərin böyrək xərçəngində proqnostik əhəmiyyəti", "Sidik kisəsinin xərçəngönü xəstəlikləri", "İnvaziv sidik kisəsi xərçənginə yanaşma: EAU Guidelines", "İnsidental adrenal törəmələrə yanaşma" və "Laporoskopik adrenalektomiya: Biz bunu necə edirik?" mövzularında məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb,

Simpozium iştirakçılarına sertifikatlar verilib.

AZƏRTAC