Bakıda cüdo üzrə “Böyük dəbilqə
İdman

Bakıda cüdo üzrə “Böyük dəbilqə" turnirinin açılış mərasimi keçirilib

Noyabrın 5-də Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə "Böyük dəbilqə" turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti (IJF) Marius Vizer, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb.

Sonra Azərbaycanda idman sahəsində, eləcə də cüdo üzrə qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Çingiz Hüseynzadə açılış mərasimində çıxış edərək Bakının artıq yeddinci dəfə bu nüfuzlu yarışa ev sahibliyi etdiyini bildirib: "Bakıdakı budəfəki yarış fərqli şəraitdə keçirilir. Builki turnir Zəfər Günü ərəfəsində təşkil edildiyi üçün bunun idmançıların çıxışına müsbət təsiri olacaq. Eyni zamanda, bir sıra məhdudiyyətlərin hökm sürdüyü pandemiya şəraitinin də nəticələrə təsiri olacaq. Tokio Olimpiadası sübut etdi ki, tamaşaçısız da maraqlı yarış təşkil etmək olar. Olimpiadanın ən maraqlı yarışlarından biri də cüdo idi".

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxışında Vətən müharibəsində Qələbənin birinci ildönümü ərəfəsində belə bir nüfuzlu yarışın paytaxt Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bildirən R.Nəbiyev döyüş meydanında qazanılan tarixi Qələbə sayəsində torpaqlarımızın otuz ildən sonra işğaldan azad olunduğunu deyib.

Beynəlxalq Cüdo Federasiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında qarşılıqlı etimada söykənən möhkəm əlaqələrin olduğunu vurğulayan R.Nəbiyev bildirib: "Ən nüfuzlu cüdo yarışlarının Azərbaycanda təşkili ölkəmizə göstərilən yüksək etimadın nəticəsidir. Azərbaycanda ən mötəbər turnirlər yüksək səviyyədə keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində ölkəmizdə idman, o cümlədən cüdo sahəsində böyük nailiyyətlər əldə edilib".

IJF-in prezidenti Marius Vizer COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlərin arenaya buraxılmamasının təəssüf doğurduğunu vurğulasa da, cüdonun təbliği baxımından bu yarışın əhəmiyyətini yüksək qiymətləndirib. O, turnirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.

Açılış çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.

Sonra "Böyük Dəbilqə" turnirində mübarizə davam etdirilib.

Mötəbər turnirdə 29 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan turnirdə geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.

AZƏRTAC