Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının təntənəli açılış mərasimi olub
İdman

Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının təntənəli açılış mərasimi olub

Noyabrın 25-də Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə iştirakçı ölkələrin paradından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra hakim, məşqçi və gimnastların andiçməsi olub. İdmançıların adından Azərbaycan gimnastı Selcan Maqsudova and içib.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. 2021-ci ildə gimnastika üzrə sonuncu mötəbər beynəlxalq yarışa Bakının ev sahibliyi etməsindən məmnunluğunu bildirən MOK-un vitse-prezident deyib: "Otuz iki ölkədən 650 idmançının qatıldığı yarışların yüksək səviyyədə keçirilməsi, koronavirus pandemiyasının davam etdiyi dövrdə atletlərin, onların məşqçilərinin, KİV nümayəndələrinin təhlükəsiz və rahat fəaliyyəti üçün bütün zəruri tədbirlər görülüb. Uzun illərdir ki, Bakıda gimnastika növləri üzrə müxtəlif mötəbər yarışlar keçirilir. Bu gün açılışında iştirak etdiyimiz yarışlar da Azərbaycana, həmçinin dünyanın ən yaxşı federasiyalarından biri nüfuzunu qazanmış Azərbaycan Gimnastika Federasiyasına göstərilən etimadın təzahürüdür. Bu yarışlar Azərbaycanın mötəbər beynəlxalq turnirlərin mahir təşkilatçısı kimi nüfuzunun artırılması ilə yanaşı, idmanın bu növünün ölkəmizdə daha da populyarlaşmasına töhfə verəcək".

Bakıda müxtəlif dünya kubokları, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdıran Ç.Hüseynzadə 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunlarının təşkilinin ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafının göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, bütün bunlar Azərbaycanın Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin səyləri nəticəsində mümkün olub.

Qeyd olunub ki, qarşıdakı üç gün ərzində Azərbaycanın paytaxtında batut, tamblinq və ikili mini-batut üzrə yarışlarda gənc idmançılar mübarizə aparacaqlar. Fərdi proqramda qaliblərin müəyyənləşəcəyi bu yarışlar gələcəyin batut ulduzlarını müəyyənləşdirməklə yanaşı, gimnastikanın bu növünün inkişafında yeni, daha parlaq mərhələnin başlanğıcı olacaq.

Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Əli Əl-Hitmi batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının iştirakçılarını ali qurum adından salamlayıb. O, bu cür irimiqyaslı yarışların pandemiyaya baxmayaraq, yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

Əli Əl-Hitmi Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarını açıq elan edib.

Sonra gimnastika şousu nümayiş olunub.

Milli Gimnastika Arenasında dörd gün davam edəcək yarışda ölkəmiz 15 gimnastla təmsil olunur. Oğlanların yarışında İbrahim Mustafazadə, Ammar Baxşəliyev, Mehdi Əliyev, Maqsud Maqsudov, Nicat Mirzəyev, Əli Niftəliyev, Aleksey Karataşov, Elnur Məmmədov, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyev çıxış edəcəklər. Qızların mübarizəsində isə Səma Cəfərova, Şəfiqə Hümbətova və Selcan Maqsudova medallar uğrunda yarışacaqlar.

Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar batut, tamblinq, ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda yarışında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

AZƏRTAC