Bakıda Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib
Digər xəbərlər

Bakıda Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib

Dekabrın 5-də Bakıda Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə Azərbaycan könüllülərinin  V həmrəylik forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində təşkil olunan tədbir dekabrın 1-9-da həyata keçirilən "Azərbaycan Könüllülük Həftəsi 2022" çərçivəsində reallaşıb. Forum iştirakçıları əvvəlcə ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə tanış olublar. Sərgi zamanı təşkilatların fərdi stendlərində könüllülərin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş etdirilib.

Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən tədbirin rəsmi açılışında Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirə gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur), könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Yusif Vəliyev forum iştirakçılarına qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, hər zaman olduğu kimi, 2022-ci ildə də dövlətimizin başçısının könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq reallaşdırılan 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Layihələr ölkəmizin 65 şəhər və rayonunu əhatə edib. AKTİ-nin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci il həm də "Qayıdış Könüllüləri" proqramının start verilməsi ilə yadda qalıb. Artıq Şuşa və Ağdam könüllüləri qruplarının formalaşdığını diqqətə çatdıran Y.Vəliyev bu gündən etibarən "Zəngilan könüllüləri" qrupunun yaradılmasına başlanıldığını qeyd edib.

Çıxışlardan sonra könüllülərin müxtəlif sahələrdə fəaliyyətini əks etdirən videohesabatlar və "Azərbaycan Könüllüləri 2022-ci ildə" adlı hesabat jurnalı təqdim olunub.

Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülərə "İlin könüllüsü" mükafatı təqdim olunub. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda könüllülər adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Forum BMT Könüllüləri proqramının rəhbəri Toily Kurbanovun videomüraciəti ilə davam edib.

Daha sonra Azərbaycan Könüllülərinin TEDx formatında çıxışları və "Xurşidbanu Natəvan" pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ilin Azərbaycanda "Könüllülər İli" elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədinə xidmət edib.

AZƏRTAC