“Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresi iştirakçılarının ürək sözləri
MÜSAHİBƏLƏR

“Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresi iştirakçılarının ürək sözləri

Ümummilli Lider  Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Bakı Ürək Günləri" VIII Beynəlxalq Konqresində müxtəlif ölkələrdən görkəmli kardioloq və cərrahlar iştirak edirlər. Əməkdaşlarımız iştirakçıların bəziləri ilə görüşüb ürək sözlərini qələmə alıblar. Həmin fikirləri oxuculara təqdim edirik.

 

Murat Tuzcu,

kardioloq:

- Azərbaycanın kardiologiya sahəsindəki uğurları Heydər Əliyev siyasətinin nəticəsidir. Mərhum Heydər Əliyev olduqca səmimi bir insan idi. Ulu Öndər bütün həyatını Azərbaycana həsr etmişdir. İndi dünyada yayılmağa başlayan bir anlayış var - xidmətçi lider. İngilis dilində bu anlayış "surving lider" deməkdir. Yəni bu söz həm öndər, həm də xalqa xidmət edən lider mənasında işlənilir. Heydər Əliyev çox ağıllı, təcrübəli bir insan idi. Məhz buna görə də onun bütün qərarları doğru olurdu, insanlar ona inanıb hörmət edirdilər. Heydər Əliyevin həll olunmayan məsələlərin belə diplomatik yolla öhdəsindən gəldiyini görmüşük. Mən bütün bunların canlı şahidiyəm.

1990-cı illərdə Azərbaycana ilk dəfə gələndə burada kardiologiya sahəsi inkişaf etməmişdi. İndi isə dünyanın hər tərəfində icra edilən tibbi prosedurlar burada da həyata keçirilir. Məsələn, tanınmış həkim, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev dünyaca məşhur həkimlərin təcrübələrini Azərbaycanda da tətbiq edir və təcrübələri gənc həkimlərə də öyrədir. Qısaca desək, Azərbaycan əvvəlki vaxtla indiki zaman arasındakı fərqi çox tez müddətdə aradan qaldırıb. Əminəm ki, bu uğurlar daim davam edəcək.

 

Cengiz Köksal,

ürək-damar cərrahı:

- Azərbaycanda kardiologiya sahəsi yüksək səviyyədə inkişaf edir. Bunda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin rolu böyükdür. Azərbaycandakı inkişafı hər keçən gün daha çox görürük. Mən inanıram ki, Azərbaycanda kardiologiya sahəsi daha uğurla inkişaf edəcək. Çünki burada həkimlər çox çalışqandırlar və  məsuliyyətlərini yaxşı dərk edirlər. Mən bunu Türkiyəyə uzmanlıq təhsili almaq üçün gələn həkimlərlə ünsiyyət zamanı anlamışam. Onlar bu işi öyrənmək mövzusunda çox qərarlıdırlar. Biz də əlimizdən gəldiyi qədər onlara kömək etməyə çalışırıq.  Bəzən isə həmin həkimləri xaricə yönəldirik. Aydındır ki, tibb Qərbdə daha çox inkişaf edib. Qərb həkimlərinin "Bakı Ürək Günləri" Beynəlxalq Konqresində iştirak etmək üçün Azərbaycanda olması, təcrübələrini paylaşması təqdirəlayiqdir.

 

Mustafa Güdən,

ürək-damar cərrahı, professor:

- Türkiyə ürək cərrahiyyəsində lider ölkələrdən biridir. Azərbaycan da digər türk dövlətləri ilə müqayisədə öz liderliyini qoruyur. Buna əsas səbəb isə Azərbaycanda ürək cərrahiyyəsinə önəm verilməsidir. Azərbaycanda bu proqram hazırlandığı ilk vaxtlarda  Türkiyə və digər ölkələrdən həkimlər köməyə gəldilər. İndi azərbaycanlı həkimlər bu işi demək olar ki, dünya standartlarına uyğun olaraq həyata keçirirlər. Professor Kamran Musayevlə şəxsi tanışlığım bunları deməyə əsas verir. Kamran Musayevin Azərbaycanda ürək-damar cərrahiyyəsinin inkişafına töhfələri böyükdür. Azərbaycanın tibbi sığorta ilə bağlı təşəbbüsləri də təqdirəlayiqdir. Çünki xəstələrin üzləşdiyi ən böyük problemlərdən biri məhz maliyyədir. Amma dövlət tərəfindən bu məbləğin qarşılanması həm həkimlərin, həm də pasiyentlərin işini asanlaşdırır. Buradan görünür ki, sadəcə ürək cərrahlarının yetişdirilməsi deyil, dövlətin bu sahəyə hərtərəfli dəstəyi əhəmiyyət kəsb edir. Həmçinin ürək cərrahiyyəsində sığortanın tətbiqi Azərbaycanda tibbin yüksək inkişafından xəbər verir. Beynəlxalq Konqresin məqsədi bu sahədə yenilikləri bölüşməkdir. Türkiyədə də Azərbaycandan gəlmiş kifayət qədər təcrübəli ürək cərrahı dostlarımız var ki, çox mürəkkəb əməliyyatlarda iştirak edirlər. Ən əsası odur ki, prosesdə həmin həkimlərlə yanaşı, digər ölkələrdən olan cərrahlar da öz təcrübələrini qarşılıqlı şəkildə bölüşürlər. Ümid edirəm, Azərbaycan regionda lider ölkə kimi daha da irəliləyəcək.

 

Roman Komarov,

cərrah, onkoloq:

- Azərbaycanda belə bir beynəlxalq tədbirin keçirilməsini çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, kardiocərrahiyyə məsələlərinin beynəlxalq səviyyədə nüfuz qazanmış həkim və professorlarla müzakirəsi təcrübələri qarşılıqlı bölüşməyə imkan verəcək. Konqresdəki müşahidələrimlə əlaqədar bunu da qeyd etmək istərdim ki, Azərbaycanda da kardiocərrahiyyə və kardiologiya yüksək səviyyədə inkişaf edib. Ölkənizdə kifayət qədər təcrübəli və tanınmış cərrahlar var. Azərbaycan bu sahədə öz sözünü demiş ölkələrlə müqayisə oluna biləcək səviyyəyə çatıb. Beynəlxalq konqres Azərbaycanda kardiologiya sahəsinin tərəqqisinə mühüm töhfə olacaqdır.

 

Şeref Küçükər,

cərrah:

- Bu cür beynəlxalq konqresləri keçirməkdə əsas məqsəd bu sahədəki yenilikləri bölüşmək, həmçinin həkimlər arasında uğurlu əlaqələrin qurulmasıdır. Belə ki, biz müxtəlif həkimlərlə kontaktda olur, fikir mübadiləsi edirik. Hətta həmin cərrahlar arasında Türkiyəyə gələnlər belə var. Mən Ankarada işləyirəm, Yüksək İxtisas Xəstəxanasında təhsil almışam. O dövrdə bir çox azərbaycanlı cərrah Ankaraya üz tutmuş, həmin xəstəxanada təcrübə keçmişdir. Həmçinin mən hələ 2001-ci ildə Mərkəzi Klinik Xəstəxana yeni fəaliyyətə başladığı zaman ilk ürək əməliyyatlarının reallaşmasına köməklik göstərmək üçün Azərbaycana gəlmişdim. O zamandan bəri Azərbaycanda ürək cərrahiyyəsi irəliləyib, dünya standartları səviyyəsinə qədər yüksəlib. Ümid edirəm ki, zaman keçdikcə, ölkənin ürək cərrahiyyəsindəki uğurları daha da artacaq.

"Respublika".