“Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresi bu il də uğurla keçirilir
Səhiyyə

“Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresi bu il də uğurla keçirilir

Bakıda Gülüstan sarayında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə mayın 19-dan 21-dək Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Bakı Ürək Günləri" VIII Beynəlxalq Konqresi keçirilir. Müxtəlif ölkələrdən olan nümayəndələr tədbir çərçivəsində ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələləri müzakirə edirlər. Belə bir mötəbər konqresin Azərbaycanda keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yenilikləri ilə tanış olmaqdır.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin "Bakı Ürək Günləri" VIII Beynəlxalq Konqresinin iştirakçılarına ünvanladığı məktubunu oxuyub (məktubun mətni qəzetin 1-ci səhifəsində dərc olunur).

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəldikdən sonra qarşıya qoyduğu əsas istiqamət Azərbaycanda ürək-damar sistemləri üzrə mərkəzin açılması, mütəxəssislərin hazırlanması idi. Heydər Əliyevin apardığı siyasət nəticəsində kardiologiya sahəsində mütəxəssislərin sayı artdı və yüksəkixtisaslı kardioloqlar xaricdən ölkəyə qayıtdı. Beləliklə, Ulu Öndərin göstərişi ilə Mərkəzi Klinik Xəstəxana yenidən quruldu və xüsusilə ölkəyə açıq ürək əməliyyatlarının keçirilməsi üçün avadanlıqlar gətirildi. Beləliklə, 2001-ci ildə Azərbaycanda ilk açıq ürək əməliyyatı keçirildi və bu istiqamətdə böyük uğur qazandıq. Bu gün bu zalda oturanların böyük əksəriyyəti kardiologiya sahəsinin yüksəkixtisaslı mütəxəssisləridir. Bu sahədə qazandığımız nailiyyətlərə görə mən qardaş Türkiyə dövlətinə də öz dərin təşəkkürümü bildirirəm.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib ki, yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiqi gözlənilir. Burada ürək-damar xəstəlikləri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq. Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar əməliyyatı həyata keçirilib. Cari ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb. Regionlarda ürək-damar xəstəliklərinə operativ müdaxilə üçün yeni şöbələrin yaradılmasına başlanılıb. Artıq Lənkəranda bu şöbə açılıb. İlin sonuna qədər digər bölgələrdəki xəstəxanalarda da müvafiq şöbələrin yaradılması nəzərdə tutulur.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirib ki, Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli Liderin rolu əvəzolunmazdır. Nazir müavini qeyd edib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır.  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Azərbaycanda kordilogiyanın inkişafında Ulu Öndər Heydər Əliyevin böyük rolu olub. Onun tapşırığı ilə Türkiyə və digər ölkələrdə təhsil alan kardioloqlar bu gün Azərbaycanda bu sahənin inkişafına böyük töhfələr verirlər. Azərbaycanda ürək-damar xəstələri cavanlaşıb və ilbəil artır. Proses TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciətlərdə də özünü göstərir. 0-17 yaş arasında həkim-kardioloqlara 2020-ci ildə 49 min, 2021-ci ildə 69 min, 2022-ci ildə isə 76109 nəfər müraciət edib. 18 və daha yuxarı yaş qrupunda isə 2021-ci ildə 467 911 nəfər, 2021-ci ildə 491 678 nəfər, 2022-ci ildə isə 579 704 nəfər müraciət edib. Hər il dünyada 18 milyon ölüm hadisəsi kardioloji xəstəliklər səbəbindən baş verir.

Konqresin fəxri qonağı, vaxtilə Klivlend klinikasında Ulu Öndər Heydər Əliyevin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Ümummilli Lider haqqında xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi. Azərbaycan haqqında danışmaqdan usanmazdı. O, xəstəxanaya hər gəlişində hər kəslə maraqlanardı. Ulu Öndər bütün dünya liderlərinin hörmətini qazanmışdı. Xəstəxanada olanda bir çox ölkə rəhbərləri Heydər Əliyevə zəng edib, şəfa diləyirdilər. Dünya liderləri arasında Türkiyə Prezidenti Süleyman Dəmirəlin Heydər Əliyevlə səmimi münasibəti, qardaşlığı sözdə deyildi.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev çıxışında bildirib ki, “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresi bu il Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Biz hər il bu konqresi may ayında keçirərək Heydər Əliyevin əziz xatirəsinə həsr edirik. Əgər bu gün səhiyyəmizin və əsasən də kardiologiya sahəsinin inkişafından danışırıqsa, bu, Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Ulu Öndərin səhiyyə strategiyası Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Kamran Musayev qeyd edib ki, konqresdə 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edir və konqresin rəsmi açılış mərasimindən sonra ürək-damar xəstəlikləri, onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, konqres öz işini sessiyalarda davam etdirir. Mayın 21-də də yerli və xarici mütəxəssislər təbabətin müxtəlif problemlərini əhatə edən təqdimatlarla çıxış edəcək, mövzular ətrafında müzakirələr aparılacaq.

Nuranə DAXİLQIZI,

Nəzrin ELDARQIZI,

"Respublika".