Bakı-Tbilisi-Qars dəmir yolu regionda inkişafa və sabitliyə böyük töhfədir
Siyasət

Bakı-Tbilisi-Qars dəmir yolu regionda inkişafa və sabitliyə böyük töhfədir

Dörd il əvvəl istifadəyə verilən və dünyanın 100 böyük layihəsinə daxil olan BTQ ölkəmizin iqtisadi qüdrətinin artmasında mühüm rol oynayır

zərbaycanın müstəqillik tarixi milli dövlətçiliyimizin qüdrətlənməsi baxımından olduqca möhtəşəm uğurlarla əlamətdardır. Hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi sayəsində imzalanan "Əsrin müqaviləsi" o illərdə Azərbaycanın müstəqilliyini və dünya birliyindəki yerini möhkəmləndirdi, ölkəmizin iqtisadi inkişafına rəvac verdi. Bu gün isə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi qlobal layihələr Azərbaycanı Qafqazın liderinə, dünyanın sayılıb-seçilən dövlətinə çevirib.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi məhz ölkəmiz olmuşdur.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin istiqamətlərindən biri də geniş infrastruktur layihələrinin reallaşdırılmasıdır. Hər yeni layihə müstəqil Azərbaycanın təkcə regionda yox, beynəlxalq arenadakı siyasi və iqtisadi çəkisini daha da artırır. Azərbaycan bu gün özünü dünyaya təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Respublikamızın nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri - Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi bu sahənin inkişafına təkan verib.

Son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan Dövlət proqramları Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Beləliklə, Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Məlum olduğu kimi, 2017-ci il oktyabrın 30-da inamlı inkişaf yolu tutan, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda daha bir əlamətdar hadisə yaşandı. Belə ki, həmin gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında XXI əsrin layihələrindən olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Qeyd edək ki, Avropanı Asiya ilə birləşdirən bu dəmir yolu bağlantısının yaradılmasında Azərbaycanın hərtərəfli dəstəyi mühüm rol oynayıb. BTQ-nin açılışında Orta Asiya ölkələrinin iştirakı bir daha onu göstərdi ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir. Azərbaycanın moderatorluğu ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür.

BTQ təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də qlobal əhəmiyyətli tarixi hadisədir. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. 2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub, Marabda stansiyasında açılış mərasimi keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. Uğurla reallaşdırılan BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 km-i Azərbaycan, 260 kmkilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.

BTQ dəmir yolunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq".

Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin Prezident İlham Əliyevin böyük siyasi iradəsi sayəsində uğurla reallaşması Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla, Avrasiyada ticarət-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük imkanlar verir.

Xüsusi qeyd olunmalıdır ki, BTQ dəmir yolu xətti Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. BTQ dəmir yolu ilə yük və sərnişinlərin Avropa və Asiyaya çatdırılmasına ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət etməklə yanaşı, ölkəmizin və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini də yüksəldir. Beləliklə, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır. Qeyd edək ki, istifadəyə verildiyi vaxtdan etibarən cari ilin iyun ayının 1-nə kimi bu dəmir yolu xətti vasitəsilə 1 milyondan artıq yük daşınmışdır. Bunun 393 min tonunu ixrac, 614 min tonunu isə idxal daşımaları təşkil etmişdir. 2021-ci ilin 8 ayı ərzində bu marşrut üzrə yük daşımalarının həcmi isə 345 min tondan çox olub.

Qətiyyətlə demək olar ki, regionun iqtisadi inkişafına xidmət edən BTQ xalqlar arasındakı bağları gücləndirməklə, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər yaradıb. BTQ dəmir yolu regionda sabitliyə, iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

M.MİRZƏ,

"Respublika".