“Bakı Prosesi” qlobal mahiyyət qazanıb
SİYASƏT

“Bakı Prosesi” qlobal mahiyyət qazanıb

Bu təşəbbüs beynəlxalq qurumların yüksəksəviyyəli dialoq platformalarından birinə çevrilib

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü ötən müddətdə qlobal mahiyyət qazanıb. Bu təşəbbüs BMT-nin baş katibi tərəfindən təşkilatın əsas platforması kimi elan edilib, 2011-ci ildən etibarən iki ildə bir olmaqla “Bakı Prosesi” çərçivəsində beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu nazirlər konfransları və digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycanın paytaxtı 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.

2020-ci il aprel ayının 23-də beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri və tanınmış ekspertlərin iştirakı ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü keçirilib. Azərbaycanın mədəniyyət naziri, BMT baş katibinin ali nümayəndəsi, ICESCO-nun baş direktoru, UNESCO və digər qurumların nümayəndələrinin iştirak etdiyi virtual görüş COVİD-19 pandemiyası ilə əlaqədar hazırkı böhranın insanlar və mədəniyyətlər arasındakı münasibətlərə təsirlərini müzakirə etmək, bu şəraitdə effektiv dövlətlərarası və mədəniyyətlərarası əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilib.

“Bakı Prosesi” beynəlxalq işçi qrupun bu virtual görüşü aparılan maraqlı müzakirələrlə yadda qalıb.

Ölkəmizdə COVİD-19 virusu ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, mədəniyyət və yaradıcılığın dəstəklənməsi üçün də 20-dən çox layihənin həyata keçirildiyi diqqətə çatdırılıb. Görüşdə BMT baş katibinin ali nümayəndəsi Migel Moratinos Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə belə bir qlobal təşəbbüsə görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, pandemiyanın yaratdığı vəziyyətə görə bütün əvvəlki planları həyata keçirmək mümkün olmasa da, bu humanitar böhranın qarşısını almaq üçün həmrəylik nümayiş etdirməliyik. ICESCO-nun baş direktoru Salim Al Malik də ICESCO-Azərbaycan əlaqələrinin inkişafına göstərilən dəstəyə görə ölkəmizin rəhbərliyinə minnətdarlığını ifadə edib. Qurumun rəhbəri ICESCO tərəfindən COVİD-19 virusu ilə mübarizə üçün bir sıra layihə və müsabiqələrin elan edildiyini, xüsusilə rəqəmsal inkişafla bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb. UNESCO-nun nümayəndəsi Ann Belinda Preis təşkilatın “Bakı Prosesi”nə sadiqliyini, qurum tərəfindən “ResiliArt” (dözümlü incəsənət) beynəlxalq çağırışının elan edildiyini, UNESCO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin onlayn görüşünün keçirildiyini vurğulayıb.

Digər iştirakçılar tərəfindən mövcud vəziyyətlə əlaqədar maraqlı təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkələr arasında keçmişdə qurulmuş mədəni əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi xüsusi qeyd olunub. UNESCO baş qərargahında Azərbaycanın mədəniyyət nazirinin sədrliyi ilə UNESCO Katibliyinin, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, ICESCO-nun rəsmiləri və işçi qrupun digər üzvlərinin iştirakı ilə keçirilən “Bakı Prosesi” beynəlxalq işçi qrupunun iclasında eyni zamanda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı və konsepsiya sənədləri də müzakirə edilmişdir. BMT-nin Sivilizasiyalar Alyansı, ICESCO, Avropa Şurasının rəsmiləri və Forumun ekspertlər qrupunun üzvü, Böyük Britaniyanın Koventri Universitetinin professoru Mayk Hardi Forumun proqramı ilə bağlı fikirlərini səsləndiriblər. UNESCO-nun rəsmisi, təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson UNESCO-nun bu prosesin həyata keçirilməsində fəal iştirak etdiyini, bu prosesin əsas tərəfdaşlarından biri olduğunu, forum çərçivəsində UNESCO tərəfindən 5 tədbirin təşkil ediləcəyi barədə qərar alındığını bildirmişdir. Qeyd olunmuşdur ki, bu dəfəki Forum diskriminasiya, qeyri-bərabərlik və münaqişələrin qarşısının alınmasında dialoqun gücləndirilməsi mövzularını əhatə edəcək və bu çərçivədə mədəni müxtəlifliyin çoxtərəfli idarə olunması, gənclərin liderliyi və onların bu proseslərdə rolu, eyni zamanda miqrasiya və insan təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edəcəkdir. Forum çərçivəsində, həmçinin Beynəlxalq Təşkilatların Rəhbərlərinin II Toplantısı və Nazirlər Konfransı da keçirilməlidir. 2017-ci ildə keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunları xatırladılaraq növbəti Forumun prosesin davamı olaraq xüsusi yeniliklərlə yadda qalacağı və Forumun yekununda Fəaliyyət Planının qəbul ediləcəyi vurğulanıbdır. Sonda virtual görüşün müzakirəsinin xüsusi hesabatının hazırlanması və gələcək əməkdaşlıqla bağlı yeni yol xəritəsinin təqdim edilməsi qərara alınıb.

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişdir. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsləri irəli sürülmüşdür. 2009-cu ildə “Bakı - İslam mədəniyyəti paytaxtı” ili çərçivəsində müsəlman və Avropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi “Bakı Prosesi”nin inkişaf etdirilməsinə töhfə olmuşdur. 2011-ci ildən etibarən isə Bakı şəhərində hər iki ildən bir Azərbaycan Prezidentinin himayəsi altında, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilir. Həmçinin Azərbaycan və Rusiya dövlət başçılarının himayəsi ilə Bakı Beynəlxalq Humanitar forumları təşkil olunur.

Bu vaxta kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının Qlobal forumu və Bakı Beynəlxalq Humanitar forumlarında 180-dən çox ölkədən və 40-dan çox beynəlxalq təşkilatdan ümumilikdə 20 mindən çox xarici nümayəndə, dövlət və hökumət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, diplomatlar, mədəniyyət, təhsil və elm xadimləri, qlobal biznes və media strukturlarının təmsilçiləri, gənclər və s. kateqoriyada insanlar iştirak etmişdir. “Bakı Prosesi” çərçivəsində forumlarda ümumilikdə 250-dən çox tədbir və layihə həyata keçirilmişdir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması olaraq xarakterizə etmişdir.

“Bizim təşəbbüsümüzlə on il bundan əvvəl başlanan “Bakı Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs heç kim tərəfindən irəli sürülməmişdir”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin iyunun 6-da müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində deyib. Azərbaycan Prezidenti qeyd edib ki, “Bakı Prosesi” sırf ölkəmizin təşəbbüsüdür: “Bu il biz “Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik. Bu təşəbbüs BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. “Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir və bu illər ərzində görün biz Azərbaycanda nə qədər böyük tədbirlər keçirmişik - dünya dini liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları. Yəni, bütün bunları biz ona görə edirik ki, buna böyük ehtiyac var. Biz istəyirik ki, nəinki Azərbaycanda, dünyada dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənsin”.

Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamafobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycanın dövlət başçısı qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında cəm olmağa çağırmaqla insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir. Beləliklə, bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, dünya dini liderlərinin sammitlərinə ev sahibliyi, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Prezident İlham Əliyevin dövlət-din siyasəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında siyasi-mədəni sahədə dəyərli fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin, mədəniyyətlərarası və dinlərarası harmoniyanın unikal nümunəsidir. Bu istiqamətdə Azərbaycanda keçirilən tədbirlər ölkəmizin mövqeyini daha da artırır. Ölkəmiz dünyada təkcə neft ölkəsi deyil, həm də mədəniyyət, tarix, tolerantlıq nümayiş etdirir. Müxtəlif mədəniyyətlərə hörmət xalqımızın mədəniyyətinin bir parçası kimi formalaşaraq həyat tərzinə çevrilib.

Mustafa KAMAL,

“Respublika”.