Bakı-Novorossiysk: İlk beynəlxalq neft kəmərimiz
Tarix

Bakı-Novorossiysk: İlk beynəlxalq neft kəmərimiz

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra ilkin nefti dünya bazarlarına çatdıracaq əlverişli boru kəmərinin çəkilməsi həlli vacib məsələlərdən biri oldu. Azərbaycan neftinin Rusiya ərazisi ilə Qara dəniz sahilində yerləşən Novorossiysk limanına, oradan isə daha uzaq məntəqələrə daşınması real görünürdü. Belə ki, hələ keçmiş SSRİ dövründə Novorossiysk-Bakı boru kəməri fəaliyyət göstərirdi. Bu kəmər Rusiyada çıxarılan neftin Bakının neftayırma zavodlarında emal etmək məqsədilə inşa edilmişdi və SSRİ dağıldıqdan sonra istifadə olunmurdu. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində xalqımızın mənafeyi və ölkəmizin inkişafı naminə müəyyənləşən neft strategiyasına uyğun olaraq bu boru kəmərindən səmərəli istifadə etmək nəzərdə tutuldu. Belə ki, boru kəməri bərpa edilərək neftin əks istiqamətə ötürülməsi üçün 1995-ci il oktyabrın 9-da qərar qəbul edildi. Azərbaycan və Rusiya hökumətləri arasında danışıqlar başlandı.

Danışıqlar müsbət nəticələndikdən sonra ilkin Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri vasitəsilə nəqlinə dair müqaviləni 18 yanvar 1996-cı ildə Moskvada Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdin imzaladı.

Rusiya kəmərin 116 km hissəsini 1983-cü ildə tikmişdi, 1995-1996-cı illərdə isə ABƏŞ və ARDNŞ tərəfindən hərəkət istiqaməti dəyişdirildi. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min barrelə çatdırıldı. Borunun diametri 720 mm, nasos stansiyalarının miqdarı 12 ədəd oldu. Maksimal daşıma qabiliyyəti ildə 6 mln. ton təşkil edirdi. Daşıma qabiliyyətini ildə 17 mln. tona qədər artırma ehtimalı vardı. Neft kəmərinin hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı 60 mln. dollarlıq iş görülmüşdü. Marşrut ölkəmizin ərazisində Səngəçal neft terminalından başlayırdı. Terminalın qiyməti 72 mln. dollar, tutumu 100000 ton (730 min barr.). Terminal hər birinin tutumu 25000 ton olan 4 rezervuardan ibarət idi. Son məntəqə olan Novorossiysk limanı ildə 34 mln. tona qədər neft və neft məhsullarını daşıma qabiliyyətinə malik oldu.

Bakıda Bakı-Novorossiysk neft boru kəmərinin inşası və fəaliyyətə başlaması üçün lazım olan texniki-iqtisadi öhdəlikləri özündə əks etdirən sənədlərin 16 fevral 1996-cı ildə imzalanması mərasimi oldu. Bu sənədlər neftin nəql edilməsinə yardım haqqında müqavilə, habelə Azərbaycanda çıxarılacaq ilkin neftin Rusiya ərazisi vasitəsilə nəqli haqqında sazişdən ibarət idi.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında alternativ boru kəməri kimi çıxış edən Bakı-Novorossiysk kəməri vasitəsilə hər il bir neçə milyon ton xam neft dünya bazarına nəql edilirdi.

Bakı-Novorossiysk kəmərinin çəkilməsi və işə salınması heç də asan başa gəlməmişdi. Bu layihənin həyata keçirilməsində də ümummilli lider Heydər Əliyevin son dərəcə böyük xidmətləri olmuşdu. Belə ki, Bakıda Azərbaycan, Rusiya və Çeçenistan respublikaları arasında neftin Bakı-Novorossiysk boru kəməri ilə nəql edilməsi haqqında üçtərəfli sazişin 1997-ci il iyulun 11-də keçirilən imzalanma mərasimində Prezident Heydər Əliyev çıxış edərək demişdir: "Biz öz neftimizin ixracına çoxdan başlamalı idik". Dövlət başçısı bildirmişdi ki, boru kəmərinin Azərbaycan hissəsi 1997-ci ilin fevralında istismara hazır olsa da, ləngimə Rusiyanın "Transneft" şirkətinin təqsiri üzündən baş verdi və bu şirkət müəyyən səbəblərə görə öz öhdəliklərini yerinə yetirə bilmədi. Ulu öndər bu məqamda vacib xəbərdarlıq da etmişdi: "Mən sizə səmimi deyirəm, əgər siz bizim üçün bu marşrut üzrə yolu açmasanız, bizim öz neftimizi daha iki marşrut üzrə nəql etməyə imkanımız var - Gürcüstan vasitəsilə Supsa limanına və Türkiyə vasitəsilə Ceyhan limanına".

Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına əsasən 1997-ci il sentyabrın 5-də işçi qrupu yaradıldı və 1997-ci ilin oktyabrında ölkənin iqtisadi-siyasi həyatında daha bir mühüm hadisə baş verdi. Həmin ildən kəmərlə neftin əks istiqamətə - Azərbaycandan Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəqlinə başlanıldı. "Əsrin müqaviləsi" imzalandıqdan sonra ilk tikilən boru kəmərlərindən biri olan Bakı-Novorossiysk 1997-ci ildə, Qərb İxrac Boru Kəməri və ya Bakı-Supsa kəməri 1998-ci ildə istifadəyə verildi.

Azərbaycan neftinin ixracı nəzərdə tutulduğu kimi 1997-ci ilin oktyabrında başlandı və 1999-cu ilin yanvarına kimi 1,5 mln. ton neft vuruldu. SOCAR və "Transneft" şirkətləri 2021-ci ildə bir milyon ton neftin Bakı-Novorossiysk boru kəməri ilə nəqli barədə müqavilə imzalandı. Həmin ilin yanvar-noyabr aylarında bu boru kəməri ilə 1,009 milyon ton Azərbaycan nefti nəql olundu.

Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabr ayında hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən aralı məsafədə olan Xızı rayonu istiqamətinə raket zərbələri endirirdi. Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilən raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsinin yaxın ərazisinə səpələndi.

Düşmən tərəfindən törədilmiş bu cinayət nəticəsində böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaranmışdı. Bu yolla Ermənistan xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd etsə də, qarşısı qətiyyətlə alındı. Bununla da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində reallaşan neft boru kəmərlərinə, o cümlədən Bakı-Novorossiysk neft kəmərinə respublika Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə heç bir qüvvə mənfi təsir edə bilməz.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".