Bakı Forumu dünyadakı bir sıra problemlərin həllinə mühüm töhfələr verəcək
İQTİSADİYYAT

Bakı Forumu dünyadakı bir sıra problemlərin həllinə mühüm töhfələr verəcək

Hazırda ölkəmizdə qlobal miqyaslı tədbir keçirilir. 9-cu dəfədir ki, baş tutan Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. Hər dəfə müzakirəyə çıxarılan mövzular aktuallığı və əhəmiyyəti ilə seçilir. Foruma ildən-ilə göstərilən maraq da artmaqdadır, dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri tədbirdə iştirak edir. Bu, ötən illə müqayisədə kifayət qədər yüksək göstəricidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Forumun budəfəki mövzusu da xeyli önəmli məsələdir. Təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi dünya gündəmini bu gün zəbt edib. Belə bir məqamda bu istiqamətdə Forumda aparılacaq müzakirələrin, fikir mübadilələrinin, qəbul olunacaq qərarların faydalı olacağına əminəm.

Açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın regional təhlükəsizliklə bağlı yanaşmalarını aydın şəkildə izah etdi. Ölkəmizin mövqeyi regionda sabitliyə, dayanıqlı sülh və təhlükəsizliyə əsaslanır. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri bütün region dövlətləri, o cümlədən Ermənistan üçün də faydalıdır. Bu ölkənin uzun illər davam etmiş işğal siyasəti regionda gərginlik yaradır, təhlükəsizliyi pozur, iqtisadi əlaqələrin inkişafına əngəllər törədirdi, həmçinin beynəlxalq hüququn prinsiplərini heçə endirirdi. Bu baxımdan, Ermənistanın işğal siyasətinə son qoyan Vətən müharibəsinin nəticələri onun region dövlətləri üçün də önəmini bir daha ortaya qoyur. Bu gün Azərbaycanın müəllifi olduğu reallıqlar bölgə dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə, iqtisadi əlaqələrin inkişafına zəmin yaradır.

Çıxışında cənab Prezident kommunikasiyaların açılması məsələsinə də toxundu. Məlumdur ki, Ermənistan bu məsələdə üzərinə öhdəliklər götürüb, lakin 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasından bu qədər vaxt keçsə də, hələ ki, Zəngəzur dəhlizinin açılması məsələsinə tərəddüdlə yanaşır, səbəbsiz yerə prosesi ləngidir. Hamı, o cümlədən Ermənistan tərəfi də anlamalıdır ki, bu məsələ müharibənin nəticəsi olaraq ortaya çıxıb və reallaşması şübhəsizdir. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həllini gələcək regional sülhün fundamental elementlərindən olduğunu ifadə etdi.

Prezident İlham Əliyev hələ də status xəyalları ilə yaşayanlara, Minsk qrupunu yenidən diriltməyə çalışanlara da aydın və məntiqli şəkildə yerini göstərdi. Yeni reallıqlar fonunda bu məsələlər tarixin arxivinə yuvarlanıb. Azərbaycan qalib və güclü dövlətdir, diktə edən tərəf də odur. Ermənistan bunu dərk etməli, prosesi ləngitməyə çalışmamalıdır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri, Milli Məclisin deputatı.