Bahar Muradova: Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan uşaqları üçün də yeni bir dönəmin başlanğıcıdır
Sosial həyat

Bahar Muradova: Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan uşaqları üçün də yeni bir dönəmin başlanğıcıdır

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib

Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, "Regional İnkişaf" İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan Forumda ölkəmizdə dövlət uşaq siyasətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Forumun xalqımız üçün çox möhtəşəm hadisənin bayram edildiyi günlərə - Vətən müharibəsində qazanılan Zəfərin bir illiyi ilə eyni vaxta təsadüf etdiyini vurğulayıb. "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın işğaldan azad edilməsinin birinci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd edirik. Bu günləri bizə yaşatdıqları üçün Prezident İlham Əliyevə, Ordumuza təşəkkürümüzü bildiririk. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onları ehtiramla yad edir, qazilərə isə şəfa arzulayırıq", - deyə komitə sədri qeyd edib.

Vətən müharibəsində qazanılan Qələbəni, torpaqlarımızın işğaldan azad edilməsini Azərbaycan uşaqları üçün də yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirən B.Muradova onların hüquqlarının müdafiəsi işinin daha da gücləndirilməsi istiqamətində böyük imkanlar yarandığını bildirib.

Azərbaycan uşaqlarının ümumrespublika forumlarının 2009-cu ildən keçirildiyini xatırladan komitə sədri deyib ki, belə tədbirlər uşaq hüquqlarının qorunması, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında, həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması üçün mühüm əhəmiyyət daşıyır.

Bahar Muradova deyib: "Bu forumlar uşaqların müzakirələrdə iştirakının təmin edilməsində çox vacib platformaya çevrilib. Forumların təşkili dövlət orqanlarının, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, eləcə də KİV-lərin diqqətini uşaqların hüquq və azadlıqlarının qorunmasının zəruriliyinə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu forumların maraqlı və fərqləndirici cəhətlərindən biri də onların uşaqlar tərəfindən idarə edilməsidir".

Bu il dövlət müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycanda əhalinin 26,2 faizinin, yəni, 2 milyon 636,8 min nəfərinin uşaqlar təşkil etdiyini diqqətə çatdıran Bahar Muradova dövlətimizin uşaqlarla bağlı yürütdüyü siyasət barədə danışaraq deyib: "Uşaqların sağlam ailə mühitində böyüməsi və tərbiyələnməsi, müasir standartlara uyğun keyfiyyətli təhsil alması, hər cür təzyiq və zorakı münasibətdən qorunması, xüsusilə həssas qrupdan olan uşaqlar üçün bütün imkanların təmin edilməsi dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin prioritet istiqamətləridir. Müstəqilliyimizin və dövlətçiliyimizin xilaskarı, uşaqların sevimlisi olan ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı illərdə əsası qoyulan bu siyasət uğurla davam etdirilir".

Komitə sədri Foruma hazırlıq mərhələləri barədə məlumat verərək deyib ki, uşaqlar üçün maarifləndirici tədbirlər, dövlət qurumlarının rəhbərləri və digər tanınmış şəxslərlə görüşlər, eyni zamanda, yay məktəbi təşkil edilib. Bundan əvvəl keçirilən ümumrespublika uşaq forumlarında əldə edilən təcrübə gələcək işlər üçün mühüm bazadır.

Daha sonra çıxış edən "Regional İnkişaf" İctimai Birliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva qeyd edib ki, uşaqların fiziki, əqli və psixi sağlamlığı, onların hərtərəfli şəxsiyyət kimi böyüməsi xalqımızın və dövlətimizin gələcəyi üçün vacib məsələlərdəndir. Xoşbəxt gələcəyə zəmin yaratmaq üçün uşaqlara erkən yaşlardan ağıllı sərmayə qoyulmalı, onlar keyfiyyətli təhsil, səhiyyə, sosial və digər xidmətlərlə təmin olunmalıdır. Bu, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və valideynlərin birgə səylərinin artırılmasını tələb edir. Uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli günlərin dövlət səviyyəsində qeyd olunması onlara olan qayğı və diqqətin təzahürüdür. Bu Forum uşaq hüquqlarının, keyfiyyətli və inklüziv təhsilə, sosial və səhiyyə xidmətlərinə diqqəti yönəltmək baxımından olduqca vacibdir. Uşaqların firavan yaşayışının təmin edilməsi üçün onların hüquqlarının qorunması əsas şərtlərdən biridir. Ölkəmiz BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla, eləcə də uşaq hüquqları ilə bağlı milli qanunvericilik bazasını təkmilləşdirməklə uşaq hüquqlarının qorunması məsələsində öz qəti mövqeyini nümayiş etdirir.

Uşaqlara dövlət qayğısından danışan Leyla Tağıyeva bu baxımdan Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üzrə Strategiyasını xüsusi vurğulayaraq deyib: "Cəmiyyətin sosial, ictimai və mədəni inkişafı sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə daim dəstək olan Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi uşaqların sağlamlığı, onların sosial problemlərinin həlli, hamı üçün bərabər və keyfiyyətli təhsil imkanlarının artırılması, xüsusi qabiliyyətli uşaqların aşkara çıxarılması və onların davamlı inkişafının təmin edilməsi, valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud uşaqların bilik və bacarıqlarının artırılması, cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsi, aztəminatlı və digər əsas kateqoriyalardan olan uşaqlara maddi və mənəvi dəstəyin göstərilməsi və digər istiqamətlərdə davamlı olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir".

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan tədbir iştirakçılarını Uşaqların V Ümumrespublika Forumu və 20 Noyabr - Ümumdünya Uşaq Günü münasibətilə təbrik edib. O bildirib ki, uşaqlar naminə və uşaqlar tərəfindən görülən işləri qeyd etmək üçün bu, xüsusi bir gündür. 20 noyabr BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul olunduğu tarixdir.

Min Yuan COVID-19 pandemiyasının uşaqların təhsil, təlim, asudə vaxtlarının mənalı keçirilməsinə mənfi təsirindən danışaraq qeyd edib: "Bəzi uşaqların bəlkə də onlayn dərslərə tam çıxışı olmayıb. Bəzi uşaqlar bu dövrdə özlərini tənha, çətin vəziyyətdə hiss ediblər. Pandemiya uşaqların sağlamlığına da təsir göstərib. Azərbaycanda pandemiyanın təsirlərini azaltmaq istiqamətində hökumət tərəfindən görülən tədbirlər təqdirəlayiqdir. Bu gün azərbaycanlı uşaqlar və gənclər arasında bu qədər enerjini və gücü görmək bizdə xoş təəssürat oyadır. Uşaqlara, onların gələcəyinə yatırılan sərmayə, eyni zamanda, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir".

Çıxışlardan sonra dövlət və hökumət rəsmiləri Forum iştirakçılarının uşaq hüquqları, təhsildə yeni standartlar, uşaqların internet təhlükəsizliyi, sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyət tandeminin rolu barədə suallarını cavablandırıblar.

Tədbir çərçivəsində iştirakçı uşaqların Türkiyə Respublikasından olan həmyaşıdları ilə videoformatda görüşü də keçirilib. Görüşdə iki qardaş xalq arasında birlik və həmrəyliyin əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Forumda Əlaqələndirmə Şurasının yeni tərkibi seçilib. Yeni seçilən Şura Azərbaycan uşaqları adından silahlı münaqişələrdən əziyyət çəkən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanan müraciətin mətnini elan edib.

Sonra Azərbaycan uşaqları adından Prezident İlham Əliyev üçün hazırlanan hədiyyə Forumda nümayiş olunub. Hədiyyə Prezidentə təqdim edilməsi üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya verilib.

Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejiminin qaydaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla hibrid formatda təşkil olunan tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin yay məktəblərinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə malik 350-yə yaxın uşaq iştirak edib.

AZƏRTAC