Bağlarda bol xurma yetişir
Region

Bağlarda bol xurma yetişir

Min bir nemət yetirən bərəkətli Xaçmaz torpağının yüksək keyfiyyətli gilası, fındığı, şaftalısı, heyvası, alması ilə bərabər şipşirin xurması da var. Rayonun demək olar ki, bütün kəndlərində, hətta şəxsi həyətyanı təsərrüfatlarda xurma meyvəsi yetişdirilir. Payızın son aylarında yetişən bu gözəl nemət şirin dadı, gözəl tamı ilə seçilir. İxracyönümlü bu məhsulun xaricdə də alıcıları çoxdur. Təkcə Rusiya bazarlarına hər il min tonlarla xurma göndərilir.

Bu günlər bağlarda xurma yığımının qızğın çağıdır. Hər gün bağlardan 10 tonlarla məhsul yığılır. Bu barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Altay Hacıəliyev deyir: Rayonumuzda 1157,5 hektar xurma bağı mövcuddur. Ötən il olduğu kimi bu il də bağlarda bol məhsul yetişib. Builki məhsul həm də keyfiyyəti ilə seçilir. Ailə təsərrüfatlarında yığım sürətlə davam edir. İndiyədək 6 min tondan çox məhsul yığılıb. Rayonun Qımılqışlaq, Hülövlü, Aşağı Zeyid, Pirqulu oba, Qaraçı inzibati ərazi dairələrinə daxil olan kəndlərdə daha çox xurma məhsulu yetişdirilib. Bağlardan azı 350-400 sentner məhsul gözlənilir. Yığılan məhsul əsasən xarici bazarlara göndərilir.

Qımılqışlaq kəndinin hər tərəfi xurma bağlarıdır. Təkcə bu kənddə 127 hektar məhsuldar xurma bağı vardır. Hər addımda bağlarda meyvə dəriminin şahidi oluruq. Havaların əlverişli keçməsi bağbanların ilboyu yetişdirdikləri meyvəni vaxtında yığmaq üçün gözəl imkan yaradıb.

Ailə təsərrüfatlarından birinə baş çəkirik. Zamir Kərimovun ailəsinə məxsus xurma bağındayıq. Kiçik fermerlə söhbət zamanı bildirir ki, mülkiyyətimizdə olan 5 hektara yaxın torpaqda əsasən xurma yetişdirməklə məşğuluq. Bağlarda aqrotexniki tədbirləri vaxtında gördüyümüzdən, bu il  ağaclarda meyvə daha  çoxdur. Bağlardan 400 sentnerə qədər məhsul götürəcəyik. Havalar normal keçir. Meyvə vaxtında yetişib. Keyfiyyətinə də söz ola bilməz. Hazırda yığılan meyvəni soyuducu anbarlara daşıyırıq. Gələn ilin yanvar-fevral aylarında Rusiya bazarlarına göndərəcəyik.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.