AzTU: “dövlət-universitet-sənaye
Elm və təhsil

AzTU: “dövlət-universitet-sənaye" tandemində yeni layihə

Ali məktəbdən bildirilir ki, universitet-sənaye işbirliyinin genişləndirilməsi çərçivəsində "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması" məqsədilə 8 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətləri arasında müqavilə imzalanıb.

Müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun işlərin görülməsini nəzərdə tutur.

İmzalanma mərasimlərində AzTU-nun rektoru Vilayət Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun iştirakı ilə keçirilən geniş tərkibli görüşdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və "Heydər Əliyev İli"ndə icra olunması mühüm hadisə olmaqla bərabər, onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin, o cümlədən Yevlax şəhərinin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi.

Görüşlərdə Yevlax, Göyçay və Şəki Şəhər İcra hakimiyyətlərinin əməkdaşları, həmçinin AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak ediblər.

Məlumat üçün bildirək ki, "dövlət-universitet-sənaye" tandeminin ən bariz nümunəsi olan "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması" üzrə məsləhət xidmətinin layihəsi rayon icra hakimiyyətləri ilə AzTU arasında ilk layihədir.

Nəriman CAVADOV,

"Respublika".