AzMİU Türkiyənin Bilkent Universiteti ilə əməkdaşlıq edəcək
Elm və təhsil

AzMİU Türkiyənin Bilkent Universiteti ilə əməkdaşlıq edəcək

Türkiyənin Bilkent Universitetinin rektoru professor Kürşat Aydoğan, həmin universitetin prorektoru professor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

Əvvəlcə qonaqlar və AzMİU-nun rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, AzMİU-da qonaqlarla universitet rəhbərliyinin görüşü keçirilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ulu öndər Heydər Əliyevin Bilkent Universitetinin qurucusu, türk dünyasının şöhrətli alimi, professor İhsan Doğramacı ilə dərin dostluq əlaqəsinə diqqət çəkib və bu dostluğun nəticəsində Bilkent Universitetinin Azərbaycan üçün doğmalaşdığını vurğulayıb. İhsan Doğramacının sağlığında Bilkent Universitetinə səfərini xatırladan rektor qeyd edib ki, yaxın əlaqələr AzMİU və Bilkent Universiteti arasında başladılan əməkdaşlığın sürətli inkişafına yol açacaq.

Bilkent Universitetinin rektoru professor Kürşat Aydoğan çıxışı zamanı ulu öndər Heydər Əliyevlə professor İhsan Doğramacının yaxın dostluq əlaqələrindən danışıb. O, AzMİU rektoruna İhsan Doğramancının Bilkent Universitetinin ərazisindəki abidəsinin təməlqoyma mərasimində Ulu Öndərin lentə alınan fotosunu hədiyyə edib. Professor Kürşat Aydoğan AzMİU ilə əməkdaşlıqdan məmnun olduqlarını, əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Bilkent Universitetin prorektoru professor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova çıxış edərək iki universitet arasında yeni başladılan əməkdaşlığın önəmindən danışıblar.

Sonra AzMİU-da iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Bilkent Universitetinin rektoru professor Kürşat Aydoğan imzalayıblar.

Müqavilədə hər iki universitetin akademik heyət, tələbə və tədqiqat qrupları arasında əməkdaşlıq niyyətinin olduğu qeyd edilib. Bundan əlavə, universitetlər qarşılıqlı maraq çərçivəsində bir sıra prinsip üzrə razılığa gəliblər:

- Təhsil sahəsində birgə proqramları

n tədqiqi və inkişafı;

- Beynəlxalq, regional və milli layihələrdə birgə iştirak;

- Tələbə, müəllim və akademik heyətin mübadiləsi;

- Əvvəlcədən razılaşdırılmış mövzular üzrə birgə elmi konfranslar, seminarlar, simpoziumlar, dəyirmi masaların təşkili;

- Qarşılıqlı maraq doğuran sahələr üzrə birgə tədqiqat layihələrinin təşkili və həyata keçirilməsi;

- Elm və tədris məqsədləri üçün istifadə oluna biləcək tədqiqat və elmi məlumatların mübadiləsi;

- Ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün institusional əlaqələrin inkişaf etdirilməsi.

Müqavilə imzalandıqdan sonra qonaqlar AzMİU-nun tədris korpusları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, professor-müəllim heyəti, tələbələrlə söhbət ediblər.

Xatırladaq ki, AzMİU-nun dünyanın 100-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq və 6 ikili diplom proqramı müqaviləsi mövcuddur.

AZƏRTAC

 

 

 

 

 

Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat

Olimpiadasının açılış mərasimi keçirilibÜmumdünya Şahmat Federasiyası Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı qərar verib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 21 iyun tarixli Sərəncamına əsasən olimpiadanın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb, olimpiadaya hazırlıq işləri başa çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 2-də Naxçıvan Dövlət Milli Dram Teatrında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açılış tədbirində iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı münasibətilə olimpiadanın bütün iştirakçılarını təbrik edib, olimpiadada iştiraklarına görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirib, qələbə arzulayıb, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç olimpiadanın təşkilatçılarına təşəkkür edərək olimpiadada oyunların rəqabətli keçəcəyinə, yeni dostluqların yaranacağına əminliyini bildirib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Təşkilat Komitəsi Sədrinin müavini Mahir Məmmədov çıxış edərək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmata göstərilən qayğıdan danışıb, muxtar respublikanın ümumtəhsil məktəblərində şahmatın məqsədyönlü tədrisini dünya səviyyəsində nümunə kimi dəyərləndirib, şahmatın inkişafı naminə görülən işlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Beynəlxalq Şahmat Federasiyasının baş hakimi, o cümlədən olimpiadanın baş hakimi Freyd Loran olimpiadanın qaydaları haqqında məlumat verib. Bildirilib ki, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında 23 ölkədən 200-ə yaxın şahmatçı iştirak edir. İştirakçılar arasında 50 titullu şahmatçının olması yarışların maraqlı keçəcəyini deməyə əsas verir.

Sonra olimpiadanın ən yüksək reytinqli şahmatçısı, iranlı Daneşvar Bardiya səhnəyə dəvət olunub və şahmat olimpiadasının püşkü atılıb.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin kollektivi konsert proqramı ilə çıxış edib.

AZƏRTAC