AZƏRTAC ilə Çilinin aparıcı media qurumları arasında əlaqələrin qurulması gündəmə gəlib
Digər xəbərlər

AZƏRTAC ilə Çilinin aparıcı media qurumları arasında əlaqələrin qurulması gündəmə gəlib

AZƏRTAC ilə Çilinin aparıcı media qurumları arasında əlaqələrin qurulması məsələsi müzakirə edilib. Bununla bağlı danışıqlar AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Koloma Qrimberq ilə görüşündə aparılıb.

Çili tərəfinin təşəbbüsü ilə baş tutan görüş zamanı informasiya mübadiləsinin iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə böyük təkan verə biləcəyindən danışılıb.

"AZƏRTAC İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın İP, Kubanın Prensa Latina kimi ispandilli agentliklərlə tərəfdaşlıq edir. İspan dilində xəbər yayan agentliyimizin İspaniyada da xüsusi müxbir məntəqəsi fəaliyyət göstərir. Biz Çilinin də aparıcı informasiya agentlikləri ilə də əlaqələrin qurulmasında maraqlıyıq. Bu, ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımasına töhfə verə bilər", - deyə İdarə Heyətinin sədri bildirib.

AZƏRTAC-ın xəbərlərini mütəmadi olaraq izlədiyini deyən müvəqqəti işlər vəkili Koloma Qrimberq agentliyin saytında Çili haqqında da xəbərlərə rast gəldiyini deyib: "Saytınızda Çilinin coğrafiyası, mədəniyyəti barədə materialları görürəm. Bu mənə xoş təsir bağışlayır və buna görə sizə minnətdaram".

Danışıqlar əsnasında AZƏRTAC və Çilinin bir sıra media qurumları arasında əməkdaşlığın qurulması ilə bağlı qarşılıqlı dəstək ifadə edilib.

Diplomata AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Təşkilatı, Avropa Xəbər agentlikləri alyansı (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və digər beynəlxalq informasiya strukturlarında fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, AZƏRTAC Böyük Britaniyanın Press Association, Fransanın France Press, İspaniyanın EFE, Rusiyanın TASS, həmçinin Reuters kimi ümumilikdə 13 agentliyin üzvü olduğu Dünya Xəbər Agentlikləri Şurasında təmsil olunur. 2016-2019-cu illərdə isə iki nüfuzlu beynəlxalq quruma - Dünya Xəbər Agentlikləri Təşkilatına və OANA-ya sədrlik edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AZƏRTAC