AZƏRTAC-da Çin dili kurslarının növbəti mərhələsinə start verilib
Digər xəbərlər

AZƏRTAC-da Çin dili kurslarının növbəti mərhələsinə start verilib

Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, eləcə də AZƏRTAC-ın dünyanın aparıcı xəbər agentlikləri ilə genişlənən əlaqələri fonunda agentliyin əməkdaşlarının xarici dil biliklərini artırmalarına xüsusi əhəmiyyət verilir.

Fevralın 21-də AZƏRTAC-da Çin dili kurslarının növbəti mərhələsinə start verilib. Agentliyin öz imkanları hesabına Çin dili kursu təşkil etməsi artıq ənənə halı alıb. On ilə yaxındır ki, keçirilən Çin dili kursuna maraq göstərənlərin sayı getdikcə artır. Çin dili dərslərini Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutunun müəllimi Bao Xueying aparır.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər ildən-ilə inkişaf edir və dərinləşir. Bunu nəzərə alaraq, AZƏRTAC dost ölkənin həyatının işıqlandırılmasına, əlaqələrimizin təbliğinə, Çin dili üzrə mütəxəssislərin hazırlanmasına xüsusi önəm verir. AZƏRTAC öz xəbərlərini 7 xarici dildə, o cümlədən Çin dilində də yayır. Bu, Azərbaycanda Çinə, Çində isə Azərbaycana marağı artırır. Agentlik ilə Konfutsi İnstitutu arasında da geniş əməkdaşlıq əlaqələri mövcuddur.

AZƏRTAC