Sosial həyat

"Azərkosmos" Beynəlxalq Astronavtika Konqresində təmsil olunub

əqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) nümayəndə heyəti 25-29 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib.  Beynəlxalq Astronavtika Federasiyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və qlobal səviyyədə kosmik sahənin nümayəndələrini bir araya toplayan konqres bu il "Bəşəriyyət naminə addım ataq, yenilik edək və kəşf edək" mövzusuna həsr olunub. Bu mövzu ətrafında konqresə kosmik sahədə fəaliyyət göstərən ölkələrin hökumət rəsmiləri, dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat və inkişaf mərkəzlərinin nümayəndələri, astronavtika sahəsi üzrə elm adamları və kosmonavtlar qatılıblar.

Panel çıxışlarında auditoriyaya ölkəmizin son 10 ildə kosmik sahədə əldə etdiyi nailiyyətlər, Azərbaycan Kosmik Agentliyinin fəaliyyəti, qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırılması, habelə telekommunikasiya və Yer müşahidəsi xidmətləri üzrə qurulan əməkdaşlıqların ölkəmiz üçün əhəmiyyətindən məlumat verilib.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin bu konqresdə təmsil olunması 2023-cü ildə Bakı şəhərinin ev sahibi olacağı 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinin sürətlə davam etdiyinin göstəricisidir. Ölkəmizdə keçiriləcək konqres kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq.

Əli SADIQOV,

"Respublika".