Azərbaycanlı olduğuma görə qürurluyam!
Sosial həyat

Azərbaycanlı olduğuma görə qürurluyam!

Mərhəmət ünvanı Mehriban Əliyevanın müraciəti hər kəsi duyğulandırdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın bu günlərdə instaqram hesabından etdiyi paylaşım böyük rezonans doğurdu. Paylaşımda deyilirdi: "...Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardımtoplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə, qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə qürurluyam!..". Bu isti, sevgi dolu sözlər qardaş Türkiyədə fəaliyyət göstərən soydaşlarımıza ünvanlanmışdı.

Həqiqətən də Türkiyədə baş verən təbii fəlakətdə həmvətənlilərimizin tutduğu vahid mövqe xalqın nümayəndəsi kimi hər birimizə qürur hissi yaşadır. Birinci xanım Mehriban Əliyevanın bu sözləri bizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur ifadəsi olan "Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" ifadəsini bir daha xatırlatdı.

Türkiyə saatı ilə 04:17-də baş verən dəhşətli zəlzələ yüz minlərlə insanı qışın soyuğunda evsiz-eşiksiz, çətin imtahanla qarşı-qarşıya qoydu. Bu təbii fəlakət təkcə Türkiyənin yox, Azərbaycanın da imtahanı idi. Hər zaman olduğu kimi, Azərbaycan dövləti və xalqı əsl dostun xoş gündə deyil, çətin günlərdə tanındığını bütün dünyaya sübut etdi. Doğrudur, Türkiyənin beynəlxalq arenada böyük nüfuzu və güclü müttəfiqləri var. Lakin dostluğun və qardaşlığın hər cür müttəfiqlikdən irəli olduğunu Azərbaycan xalqı öz xeyirxah əməllləri ilə göstərdi. "Bir millət iki dövlət" anlayışının sadəcə, sözdə olmadığını sosial vəziyyətindən, vəzifəsindən asılı olmayaraq xalqımızın hər bir nümayəndəsi öz əməli ilə sübut etdi. Bu qardaşlıq mirası xalqımıza atalarımızın qanı, analarımızın südü ilə keçib canımıza hopub. Uzun illər müstəqil olmasaq da, dostumuzu, düşmənimizi başqaları seçsə də, görünür ki, Azərbaycan xalqı bu məhəbbəti əsrlər boyu ürəyində daşıyıb gələcək nəsillərə ötürüb. Xaricdəki bəzi dairələr bu yardımları dövlət siyasəti və yaxud liderlər arasındakı isti münasibətlərə bağlaya bilərdi, lakin Türkiyə-Azərbaycan münasibətləri xalqların tam olaraq milli maraqlarına uyğundur. Əgər belə olmasaydı danışmağı təzəcə öyrənən körpələr balaca əlləri ilə gətirdikləri xırda əşyalarla bu dərdə şərik olmazdı. Çünki onlar nə siyasət bilir, nə də müttəfiqlik anlayırlar. Onların anladığı bir duyğu var. Qəlblərindən gələn saf sevgi. Bu sevgi onları hansı istiqamətə aparsa, həmin yönə doğru hərəkət edirlər.

Bu faciədə Türkiyəyə dəstək olmaq üçün kimi qızının cehiz pulunu, evindəki yorğan-döşəyi, kimi də əynindəki gödəkcəni, ən əsası üzlərindəki təbəssümü, ürəklərindəki sevgini qardaşlarına ünvanladılar. Səsləndirdikləri fikirlər isə həqiqətən də insanı duyğulandırır. Bu xalqın necə geniş qəlbli, əliaçıq, xeyirxah olmasını görüb bu insanlarla eyni Vətəndə yaşamaqdan, eyni dili, dini paylaşmaqdan sadəcə zövq alırsan. Yardım məntəqələrinə gələn, bunu özünə mənəvi borc bilən insanlar deyir: "Özümüzə yardım etməyə gəlmişik. Bu gün gələn yardımların, bu gün tökülən göz yaşlarının hamısı özümüzündür".

Təbii ki, qardaş dövlətə edilən yardım kampaniyasının öncüllərindən biri birinci xanım Mehriban Əliyevadır. Ümummilli liderin adını daşıyan Heydər Əliyev Fondu yarandığı gündən etibarən xeyriyyəçiliyi, əl tutmağı başlıca vəzifə kimi qarşıya qoyub. Fond saysız-hesabsız xeyirxah işlərinə, insanlara olan qayğısına görə Azərbaycanda, eləcə də dünyada böyük rəğbət qazanıb.

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, ilk gündən Fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göndərilir. Faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarələr ard-arda Türkiyəyə eniş edir. Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərərçəkmiş vətəndaşlara humanitar yardım çatdırırlar.

Daha bir humanitar yardımla dolu təyyarə fevralın 11-də Türkiyənin zəlzələ bölgəsinə yola salındı. Budəfəki humanitar yardıma faciədən zərərçəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar daxildir. Heydər Əliyev Fondu, "AzərEnerji" ASC və "Azərişıq" ASC-nin dəstəyi ilə göndərilən yardım zəlzələ bölgəsinə çatdırılıb.

Türkiyəyə göndərilən yardımlar təkcə bununla bitməyib və davam etməkdədir. Belə ki, fevralın 15-də çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım zəlzələ bölgəsinə yola salınıb.

Birinci xanım Mehriban Əliyeva həmvətənlilərimizin etdiyi yardımlara görə azərbaycanlı olmasından qürur duyduğu kimi, Azərbaycan xalqı da onun qardaş Türkiyə xalqına etdiyi bu yardımlardan qürurludur.

Məşhur rus yazıçısı F.Dostoyevskinin söylədiyi ifadələr Türkiyə-Azərbaycan münasibətlərinə ən yaxşı örnəklərdən biridir: "Yıxıldığında yanında olan deyil, ayağa durmağın üçün sənə əl uzadan dostundur. Yaddan çıxarma, pis gündə sənə faydası olmayanın, yaxşı gündə bir payı yoxdur".

Musa BAĞIRLI,

"Respublika".