Azərbaycanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb
Səhiyyə

Azərbaycanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb.

Səfər çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyində nümayəndə heyəti ilə görüş keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, tərəflər Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, həmçinin birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

Toplantını giriş sözü ilə açan Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb.

Nazir səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb: "Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyətinin may ayında qardaş ölkəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz, görüşlərimiz olub və onların dəstəyini hiss edirik. Bu sahədə qardaş Türkiyənin təcrübəsi əvəzsizdir. Rəqəmsallaşdırmada Türkiyə modeli dünyada liderlərdən biridir".

COVID-19 pandemiyası mövzusuna toxunan Azərbaycanın səhiyyə naziri bu dövrdə ölkələrimiz arasında əməkdaşlığın daha da mütəmadi xarakter aldığını vurğulayıb.

Teymur Musayev müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edib: "Ölkəmizdə ilk dəfə təşkil olunan "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi" bunun bariz nümunəsidir. Əminəm ki, əməkdaşlığımız bundan sonra da yüksələn xətlə davam edəcək və bu forum investorlar üçün yeni imkanlar yaradacaq".

Həmçinin Teymur Musayev birgə tibb biznes forumunun ənənəvi olacağına ümidvar olduğunu bildirib.

AZƏRTAC