Azərbaycanla Rusiya arasında ikitərəfli məsləhətləşmələr keçirilib
Siyasət

Azərbaycanla Rusiya arasında ikitərəfli məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr çərçivəsində aprelin 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Rusiya nümayəndə heyətinin başçısı Mixail Petrakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramovla görüş zamanı Xəzər məsələləri üzrə əməkdaşlıq, eləcə də delimitasiya və kommunikasiyaların açılması da daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin, ikitərəfli gündəliyin geniş spektrini əhatə edən məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

AZƏRTAC