Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilib
Digər xəbərlər

Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd edilib

Fevralın 27-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilir ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları, Qırğızıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri, Qırğızıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan-Qırğızıstan münasibətlərinin 30 illik inkişaf yoluna nəzər salıb, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın ortaq tarixi, mədəni dəyərlərindən qaynaqlandığını bildirib. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir müavini Xələf Xələfov həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin mövcudluğunu qeyd edib. Ölkələrimiz arasındakı çoxşaxəli münasibətlərin xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Daha sonra çıxış edən Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonalıyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Ölkələrimiz arasında diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığının qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulduğunu və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Hər iki ölkənin məqsədinin türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə vermək olduğunu qeyd edən səfir ötən il Azərbaycan Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlərin iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib.

Sonda tədbir iştirakçıları Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Mustafa KAMAL,

“Respublika”.