Azərbaycanla Pakistan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub
Digər xəbərlər

Azərbaycanla Pakistan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin federal təhsil və peşəkar təlim, eyni zamanda, milli tarix və ədəbi irs üzrə federal naziri Şafqat Mahmud ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Xəzər Fərhadov ölkələrimiz arasındakı səmimi münasibətlərdən söhbət açıb, elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri barədə danışıb. Azərbaycanın Vətən müharibəsi barədə geniş məlumatları diqqətə çatdıran səfir bu dövrdə rəsmi İslamabadın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə Pakistan Hökumətinə və xalqına təşəkkür edib.

Şafqat Mahmud Xəzər Fərhadovu yeni təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Nazir ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə və torpaqların erməni işğalından azad olunması münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib, Pakistanın ölkəmizin haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib. İki ölkə arasındakı yüksəksəviyyəli münasibətlərə toxunan Ş.Mahmud elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi istiqamətində işlərin aparılacağını əminliklə vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC