Azərbaycanla mənəvi körpü
Digər xəbərlər

Azərbaycanla mənəvi körpü

İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları qrant proqramları ilə təhsil alırlar

Azərbaycan Respublikasının ali məktəbləri ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı sahəsində ilk addımlar atıblar. 1961-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun nəzdində yaranmış əcnəbi tələbələr üçün hazırlıq fakültəsi qısa bir zamanda Sovet İttifaqında fəaliyyət göstərən 55 hazırlıq fakültəsi arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Leninqrad Politexnik İnstitutundan sonra üçüncü yeri tuturdu. İldə 500 nəfərdən artıq əcnəbi vətəndaş qəbul edən fakültələrin məzunlarının çoxu ölkəmizin ali məktəblərində təhsillərini davam etdirmək hüququ qazanırdı. Keçid dövründə isə əcnəbilərin təhsili müxtəlif əmr və sərəncamlarla tənzimlənirdi. 1994-cü ildə əcnəbi tələbələrin təhsili ilə bağlı bir neçə sənəd hazırlandı və təsdiqləndikdən sonra ali məktəblərə göndərildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 dekabr 2017-ci il tarixli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də Prezidentin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris ilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezindentura səviyyəsində təhsil qrant proqramları təsis edilmişdir.

Təhsil qrantları proqramının şərtlərinə əsasən illik əsasda hər bir proqram üzrə 20 əcnəbi tələbəyə (hər iki proqram üzrə 40 nəfər) təhsil qrantının ayrılması nəzərdə tutulur. 5 il müddətinə davam edəcək proqramlar çərçivəsində ümumilikdə 200 əcnəbi tələbə təhsil qrantı əsasında Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alacaq. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, aylıq təqaüd xərcləri, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. Proqram çərçivəsində ödənişlər bu məqsədlə dövlət büdcəsindən ayrılan və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisəsinə köçürülən vəsait hesabına həyata keçirilir.

2018-2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrant proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14 ölkənin, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin ümumilikdə 40 vətəndaşı Qoşulmama Hərəkatı üzrə: Çili, Eritreya, Efiopiya, Keniya, Qambiya, Lesoto, Mavriki, San Tome və Prinsipi, Svazilend, Şiri-Lanka, Özbəkistan, Tailand, Timor-Leste, Vanuatu, Uqanda. İslam Əməkdaşlıq Təşkilatı üzrə: Əfqanıstan, Fələstin, Livan, Malayziya, Maldiv, Misir, Mavritaniya, Mərakeş, Nigeriya, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Yəmən ölkələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

2019-2020-ci tədris ili üzrə həyata keçirilən təhsil qrant proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üzrə 38 ölkənin ümumilikdə 40 vətəndaşı, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı üzrə: Benin, Cibuti, Çad, Əfqanıstan, Əlcəzair, Fələstin, İndoneziya, İordaniya, İraq, Qazaxıstan, Qəmər adaları, Mali, Misir, Mozambik, Niger, Pakistan, Somali, Sudan, Tacikistan ölkələrinin vətəndaşları Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

Qoşulmama Hərəkatı üzrə isə Antiqua, və Barbuda, Belarus, Butan, CAR, Efiopiya, Ekvador, Honduras, Kamboca, Keniya, Kolumbiya, Monqolustan, Namibiya, Nepal, Seyşel adaları, Tailand, Tanzaniya, Vyetnam, Yəmən, Zambiya vətəndaşlarıdır.

2020-2021-ci tədris ili üzrə həyata keçirilən təhsil qrant proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq və Qoşulmama Hərəkatı üzrə 35 ölkənin ümumilikdə 40 vətəndaşı Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 oktyabr 2018-ci il tarixdə “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda dəyirmi masa iştirakçılarına təbrik məktubu ünvanlayıb: “...Azərbaycanda əcnəbi gənclərin təhsili sahəsində də xoş ənənələr mövcuddur. Ali məktəblərimizin qapıları xarici ölkə vətəndaşlarının üzünə həmişə açıq olmuşdur. Belə ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində on minlərlə əcnəbi gənc Azərbaycanda ali təhsil almış, ən müxtəlif ixtisaslara yiyələnmişlər. Sevindirici haldır ki, bu gün həmin gənclər öz ölkələrinin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fəal iştirak edərək, multikulturalizm məkanı olan Azərbaycanla mənəvi körpü rolunu oynayırlar.

Ümidvaram ki, Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün iştirakçısı kimi siz yenidən Bakıya gəlməkdən məmnun qalacaq, tələbəlik çağlarınız ilə bağlı olan paytaxtımızdan vətəninizə ən xoş təəssüratlarla dönəcək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfələr verəcəksiniz”.

Kamil İSMAYILOV,

“Respublika”.