Azərbaycanla Macarıstanın ikitərəfli əlaqələri genişlənir
Digər xəbərlər

Azərbaycanla Macarıstanın ikitərəfli əlaqələri genişlənir

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun videoformatda görüşü olub.

Nazir Azərbaycanla Macarıstanın əlaqələrinin daim genişlənməkdə olduğunu, iki ölkənin dövlət başçılarının qəbul etdiyi "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin əlaqələrin inkişafına və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan verdiyini qeyd edib. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycanda Macarıstan şirkətlərinin uğurlu fəaliyyətindən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərində də macar şirkətlərinin iştiraka maraq göstərmələrindən məmnunluq ifadə edilib.  P.Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri, strateji tərəfdaşlıq əsasında əlaqələrinin daim uğurla inkişaf etdiyini, qarşıdakı dövrdə də bu əlaqələrin genişlənməkdə davam edəcəyinə əminliyini bildirib.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu bildirilib.

Mustafa MUSTAFAYEV,

"Respublika".