Azərbaycanla Macarıstan dost və strateji tərəfdaşdır
Siyasət

Azərbaycanla Macarıstan dost və strateji tərəfdaşdır

İkitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələdə

Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında əlaqələrin inkişafında mühüm hadisə oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana səfəri ölkələrimiz arasında münasibətlərin bundan sonrakı inkişafına təkan verəcək. Bu səfərdən sonra iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi başlayıb.

Macarıstanın baş naziri Viktor Orbanla Budapeştdəki geniştərkibli görüş zamanı Prezident İlham Əliyev Azərbaycan-Macarıstan münasibətlərinin keçmişdə də qarşılıqlı dəstək, inam, tərəfdaşlıq və dostluğa əsaslandığını qeyd edib: "Münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb". Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri və Macarıstanla Azərbaycan arasında "Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə"nin imzalanması ikitərəfli münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Keçən ilin sonlarında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi Macarıstan da daxil olmaqla beş Avropa ölkəsinin Azərbaycan qazını idxal etmək imkanlarını artırıb. Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırılması həmin ölkələrin enerji təhlükəsizliyini təmin etməsi, həmçinin Azərbaycan üçün də bazarların genişləndirilməsidir.

Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşan Cənub Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Rumıniya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yaradacaq. Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni enerji layihələrinin reallaşdırılmasına yol açır.

İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda Macarıstanın "Wizz Air" aviaşirkəti Bakı ilə Budapeşt arasında birbaşa reyslər həyata keçirir. Macar şirkətləri, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma işlərində iştiraka böyük maraq göstərirlər. Prezidentin vurğuladığı kimi, bizi Macarıstanla təkcə enerji sahəsində əməkdaşlıq birləşdirmir, digər sahələrdə əməkdaşlığımız mövcuddur və bu istiqamətdə yaxşı potensial var. Bu gün hər iki dövlətin münasibətləri təkcə ikitərəfli formatla məhdudlaşmır. Beynəlxalq səviyyədə də biz bir-birimizin mövqeyini müdafiə edirik. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan-Macarıstan münasibətləri sürətlə inkişaf edir. Səfər zamanı Budapeştdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra vacib sənədlər imzalandı. Buraya genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, miqrasiya sahəsində əməkdaşlıq, təbii qaz, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə, həmçinin dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu daxildir.

Prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla görüşünün yekunlarına dair mətbuata açıqlamasında da dediyi kimi: "yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək". Nəzərə alsaq ki, Macarıstan həm də Avropa İttifaqının və NATO-nun üzvüdür, onda bu münasibətlərin əhəmiyyəti artmış olur. Eyni zamanda Macarıstanın öz tarixi köklərinə qayıdaraq, türk ölkələri ilə əlaqələrin qurulmasında maraqlı olması, gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olmağı planlaşdırması bu münasibətlərin gələcəkdə daha da yüksələcəyini göstərir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Macarıstan səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycana Avropa qitəsində böyük etimad var. Azərbaycan Prezidenti İlham Əliyevi həm mahir diplomat, həm də nəhəng dövlət xadimi kimi qiymətləndirirlər.

Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab olunur. Son illər tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi də müşahidə olunur. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 35,161 milyon dollar olub. Ötən ilin 11 ayında ümumi dövriyyə 40,799 milyon dollara çatıb. Bu o deməkdir ki, yalnız 11 ayda ticarət dövriyyəmiz əvvəlki illə müqayisədə 16 faiz artıb. Bütövlükdə, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində 20 faizdən çox artım olub. "Macarıstanda yenidən olmaqdan məmnunam. Dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda müzakirələrlə dolu görüşümüz oldu". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstan prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə bildirib. Dövlət başçısı Macarıstan Prezidentini uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib. Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.

Mustafa KAMAL,

"Respublika".