Azərbaycanla Macarıstan arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
Siyasət

Azərbaycanla Macarıstan arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Macarıstanın kənd təsərrüfatı naziri İstvan Nagyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.

 Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Ölkəmiz iki dövlət arasında bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir. Nazir Məcnun Məmmədov Azərbaycanda etibarlı əlverişli biznes mühitinin olduğunu xatırladaraq macar sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İstvan Nagy Macarıstanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Macar sahibkarlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını deyən İstvan Nagy bu istiqamətdə təşviq tədbirlərinin görüləcəyini vurğulayıb.

Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Azərbaycan Macarıstanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar. Bildirilib ki, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, aqrar sahədə mütəxəssis hazırlığı aqrar məhsulların ixracı Azərbaycanla Macarıstanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.

Tərəflər azərbaycanlı gənc mütəxəssislərin Macarıstanda mövcud təcrübə proqramlarına cəlb edilməsi, heyvandarlıq (embrion transferi) sahəsində əməkdaşlığın davam etdirilməsi, quşçuluq sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi bu sahədə əməkdaşlığa başlanılması ilə bağlı razılığa gəliblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.