Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seulda yubiley ağacı əkilib
Siyasət

Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seulda yubiley ağacı əkilib

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seul şəhərinin Yonqsan rayonundakı Şinqye Tarix Parkında yubiley ağacı əkilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və Yonqsan meriyasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə yerli ictimaiyyətin, medianın nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov və Yonqsan meri Sonq Canq-hyon çıxış edərək, ölkələrimiz üçün böyük önəm kəsb edən tarixi gündə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Bu əlaqələrin dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində mühüm inkişaf yolu keçdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, yerli özünüidarəetmə orqanları arasında səmərəli əməkdaşlıq davam edir. 2017-ci ildə Bakı şəhərinin Qaradağ rayonu ilə Yonqsan rayonu arasında dostluq mübadiləsinə dair niyyət məktubunun imzalandığı buna nümunədir.

Sonra yubiley münasibətilə ağac əkilib və müvafiq məlumatlandırma lövhəsi quraşdırılıb. Ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmiş "Buta" Azərbaycan-Koreya Dostluq Assosiasiyasının sədri Cəmil Vəliyevin məşhur İsa bulağından xüsusi olaraq gətirdiyi su ilə yubiley ağacı suvarılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə "Şuşa İli" elan edildiyini xatırladan diplomat qədim Şuşa şəhəri barədə də tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, Yonqsan Seul şəhərinin ən beynəlmiləl rayonlarından biridir. Rayon ərazisində çoxsaylı xarici diplomatik missiyalar, o cümlədən Azərbaycan səfirliyinin binası yerləşir.

AZƏRTAC