Azərbaycanla Kamboca arasında parlamentlərarası əlaqələr müzakirə olunub
Siyasət

Azərbaycanla Kamboca arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Martın 9-da Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığı Milli Assambleyasının sədr müavini Xuon Sudarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin sədri bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Milli Assambleyanın nümayəndə heyətinin X Qlobal Bakı Forumunda iştirakına toxunan Sahibə Qafarova bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş bu tədbir dünyadakı aktual çağırışların müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib.

Milli Məclisin sədri ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafı üçün yaxşı imkanların olduğunu bildirib.

S.Qafarova parlamentlərimiz arasında əməkdaşlıqdan da danışıb, burada hər iki parlamentdə fəaliyyət göstərən dostluq qruplarının xüsusi rol oynadığını deyib. O, beynəlxalq parlament təşkilatlarında, xüsusilə Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində, həmçinin ASEAN Parlament Assambleyasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri ötən il Kambocaya rəsmi səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanın ASEAN Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasına dəstəyə görə təşəkkür edib.

Sahibə Qafarova Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, Şəbəkənin yaradılması, onun Bakıda keçirilən birinci konfransı, təşkilatın institusional inkişafı üçün görülən işlər haqqında da danışıb.

Qonaqlar, həmçinin Azərbaycanın uğurlu inkişafı, Vətən müharibəsində qazanılan Qələbədən sonra yaranmış yeni reallıq, Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi barədə məlumatlandırılıb.

X Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirən Xuon Sudari Kamboca ilə Azərbaycanın hökumətlərarası və parlamentlərarası əlaqələrindən danışıb, iki ölkənin parlamentləri arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edib.

Söhbət zamanı Xuon Sudari Kamboca parlamentinin strukturu, ölkəsindəki sosial-iqtisadi vəziyyət, seçki sistemi barədə məlumat verib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.