Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq genişlənir
Digər xəbərlər

Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq genişlənir

"Tərəfdaşlığımız uğurla həyata keçirilir. Bizim ikitərəfli gündəliyimiz getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Lakin bunlar yeganə mövzular deyil. Dünən səfirliyimizin yeni binasında biz İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş gözəl mərasimin şahidi olduq". Bu fikirləri İtaliyaya dövlət səfəri çərçivəsində Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzinin təşkil etdiyi "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib.

Onu da qeyd edək ki, sənədlərin mübadiləsinə həsr olunmuş mərasimdə ADA Universiteti ilə İtaliyanın beş universiteti - Juiss Guido Carli Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Romanın Sapienza Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi olub. Hazırda universitetin binası inşa edilməkdədir və onun tikintisi 2024-cü ilin sonunadək başa çatdırılacaqdır.

 

Azərbaycan Prezidenti İtaliyaya səfəri çərçivəsində Romanın Kuirinale Sarayında Prezident Sercio Mattarella ilə görüşmüş, görüşdə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi bildirilmiş, İtaliyanın Nazirlər Şurasının sədri Mario Draqi ilə görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuşdur.

Tədbirdən sonra yerli KİV-lərə müsahibə verən Prezident İlham Əliyev, həmçinin TAP boru kəməri vasitəsilə İtaliyaya 11,7 milyard kubmetr qazın nəql edildiyini, qarşıdakı illərdə ixracın həcminin 20 milyard kubmetrə çatdırılacağını bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının və səfirliyin tabeliyində Mədəniyyət Mərkəzinin açılış mərasimində də iştirak etmişdir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, həmçinin Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması barədə 2022-ci il sentyabrın 3-də Sərəncam imzalamışdır.

Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işinin genişləndirilməsi məqsədilə yaradılıb. Sözsüz ki, Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması İtaliya ilə Azərbaycan arasında humanitar sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, humanitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir. Belə ki, 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında anlaşma memorandumu imzalanmışdır. Sənəd müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsini, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların mədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur. İlkin əməkdaşlıq çərçivəsində Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilmişdir.

Heydər Əliyev Fondunun dünya mədəni irsinin bərpasına yönələn xeyriyyəçilik fəaliyyəti müqəddəs Marçellino və Pietro qədim əlyazmaları və katakombaları, Vatikanda San Sebastian katakombaları, İtaliyada Kapitoli muzeyində filosoflar zalı və digər bu kimi dünya mədəniyyət nümunələrini əhatə edir.

Qeyd edək ki, Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar, milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələri sərgilənir.

Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalarla bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.

Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması isə ölkələrimiz arasında elm və təhsilin inkişaf etdirilməsi istiqamətində əlaqələrin genişləndirilməsinə yeni impuls verəcəkdir. Sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq".

İtaliya Respublikası Ekoloji Keçid Nazirliyinin dövlət katibi xanım Vanma Qava çıxış edərək Bakıya səfəri zamanı məhz Dayanıqlı İnkişaf çərçivəsində ikitərəfli mühüm Memorandumun imzalandığını, eyni zamanda, münasibətlərimizin strateji mahiyyət daşıdığını və bir çox sahələri əhatə etdiyini vurğulamışdır

Juiss Guido Carli Universitetinin vitse-prezidenti professor Paola Severino çalışdığı ali təhsil müəssisəsi ilə ADA Universiteti arasındakı əlaqələrdən danışdı, İtaliyanın digər universitetlərinin də bu mühüm layihəyə qoşulmasını yüksək qiymətləndirdi. Bu addımın İtaliya ilə Azərbaycan arasında nəinki mədəniyyət sahəsində olan, o cümlədən digər sahələrdə də əməkdaşlığın daha da genişləndirilməsinə böyük vüsət verəcəyini dedi. Bu işə qoşulmuş universitetlərin adından çıxış edərək bildirdi ki, hər iki ölkənin təhsil sisteminin verdiyi imkanlar əsasında birgə çalışaraq, əslində innnovasiyaya, işlərin daha da təkmilləşdirilməsinə, müxtəlif layihələrin hibridləşdirilməsinə yönəlmiş bir təkan yaranacağını, bunun da həmin təhsil müəssisələri arasındakı qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcəyini qeyd etdi: "İtaliya-Azərbaycan Universiteti orta və uzun perspektivdə ikitərəfli əməkdaşlığın inkişafı üçün mərkəzi platforma kimi xidmət edəcək... Bu gün beynəlxalq səviyyədə yaşanılan çətinliklər dövründə Prezident İlham Əliyev öz qətiyyətini, öz uzaqgörənliyini nümayiş etdirərək iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha güclü təməlini məhz burada qoydu. Biz burada məhz onun çox yüksək dəyərə malik olan liderlik keyfiyyətlərinin şahidiyik".

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev həmin günün həm Azərbaycan, həm də İtaliya üçün tarixi bir gün olduğunu, təhsilin ikitərəfli münasibətlərin genişləndirilməsi, daha da yüksəkliyə qaldırılmasında əhəmiyyətini xüsusi vurğuladı, öz həmkarlarına bu layihədə iştiraklarına görə minnətdarlığını bildirdi.

Çıxış edənlərin də vurğuladığı kimi, bu ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək, təhsil sahəsində ikitərəfli əməkdaşlığa töhfələr verəcəkdir.

Z.ABDULLAYEVA,

"Respublika".