Azərbaycanla birgə nəqliyyat infrastrukturu inkişaf etdiriləcək
Türk dünyası

Azərbaycanla birgə nəqliyyat infrastrukturu inkişaf etdiriləcək

Bazar günü keçiriləcək prezident seçkiləri ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin şəhər vilayətlərində  seçicilərlə görüşü davam edirSivas şəhərində xalqa müraciət edən ölkə başçısı Türkiyənin  Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xətti Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdiriləcək: "Uzunluğu 405 kilometrə çatan bu xətt bir neçə əyaləti birləşdirəcək. Kayseri ilə əlaqə xətti quracağıq Qarsa qədər uzadılacaq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq''.

Ərdoğan  onu da əlavə edib ki, türk dünyası ilə münasibətlərin dərinləşməsini müdafiə edən Sinan Oğanın onu Prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyinə dair açıqlaması  da bunun bariz nümunəsidir.

Rəcəb Tayyib Ərdoğan həmçinin deyib ki, "mayın 28-i ilə ölkəmizin qarşısında yeni qapılar açılacaq. Türk əsrini qurmaq üçün çox çalışacağıq. Xalqımızı inflyasiya ilə əzməyəcəyik, vədimizə sadiq qalacağıq. Bunlar cənab Kamalın işi deyil. Biz 21 il Türkiyədə nəyisə sübut etdik. Rusiya-Ukrayna savaşında Türkiyə vasitəçidirsə, ölkəmiz Qara dəniz taxılını dünyaya daşıyırsa, vəziyyət başqadır. Cənab Putinlə yaxşı söhbət etdiyim üçün Kamal bəy incidi. Siyasəti heç başa düşmürsən, yatırsan. Dünyada siyasət belə aparılmır".

Rəcəb Tayyib Ərdoğanın  bu günlərdə tviter hesabında Azərbaycanla bağlı paylaşımı da diqqətdən yayınmayıb. "30 illik işğaldan sonra biz Can Azərbaycanla birlikdə Qarabağı azadlığına qovuşdurduq". Bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə Ankaranın Türk dövlətləri ilə əlaqələri daha da möhkəmlənib: "Ortaq tarix, dil, inanc mədəniyyətə sahib olduğumuz ölkələrlə yenidən qucaqlaşdıq. Biz "harada bir vətəndaşımız varsa, oradayıq" prinsipi ilə Rumelidən Qafqaza qədər heç bir qardaşımızı boynubükük qoymadıq. Türkiyə çərkəzlər, tatarlar, qaqauzlar, türkmənlər, ahıskalılar, özbəklər uyğurlar da daxil olmaqla tarix boyunca dara düşən hər qardaşına dəstək olub".

 Onu da qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın  yenidən Türkiyə Prezidenti seçiləcəyi təqdirdə ilk hansı ölkəyə səfər edəcəyi ilə bağlı media nümayəndələrinə açıqlama verən  xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Azərbaycan olacağını vurğulayıb. "Təbii ki, hər zaman ilk ziyarət Azərbaycan, sonra Şimali Kipr Respublikası olur. Həmişə belə olub".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.