AZƏRBAYCANLA AVROPA İTTİFAQI ARASINDA MÜNASİBƏTLƏRDƏ YENİ MƏRHƏLƏ
Siyasət

AZƏRBAYCANLA AVROPA İTTİFAQI ARASINDA MÜNASİBƏTLƏRDƏ YENİ MƏRHƏLƏ

Təşkilatın Qonşuluq və Genişlənmə üzrə Komissarının fikrincə, ölkəmiz Aİ-nin güclü və etibarlı tərəfdaşıdır

Azərbaycan Respublikasının Aİ ilə müstəqil əlaqələri ölkəmiz dövlət suverenliyini bərpa etdiyi dövrdən etibarən formalaşmağa başlamışdır. Lakin bu münasibətlərin dərinləşməsi ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtmasından sonra real məzmun və qarşılıqlı faydalı xarakter almışdır. Buna misal olaraq, 1996-cı ilin mayında Aİ ilə Azərbaycan Respublikası arasında imzalanan “Tərəfdaşlıq və əməkdaşlıq Sazişi”ni qeyd edə bilərik. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra 2004-cü ilin iyun ayından reallaşdırılan Avropa Qonşuluq Siyasəti  və 2009-cu ildə bu çərçivədə irəli sürülmüş Şərq Tərəfdaşlığı  təşəbbüsü xüsusi qeyd olunmalıdır.

Regional və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bu əsasda milli iqtisadiyyatın dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunması Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Müasir dövrdə regional və beynəlxalq əməkdaşlığı genişləndirmək və dərinləşdirməklə milli iqtisadiyyatın dünya iqtisadiyyatına səmərəli inteqrasiyasına nail olmadan hər hansı bir ölkədə davamlı sosial-iqtisadi inkişafın təmin olunması birmənalı olaraq mümkün deyildir. Bu, onunla şərtlənir ki, regional və beynəlxalq əməkdaşlığa və inteqrasiya proseslərinə fəal surətdə qoşulan ölkələr cəmiyyətin tələbatını daha dolğun ödəmək, milli iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq, müasir texnika və texnologiya əldə etmək və mütərəqqi idarəçilik təcrübəsi mənimsəmək üçün əlavə imkanlar qazanmış olurlar.

Azərbaycan daxil olduğu iqtisadi məkanın miqyasını və sərhədlərini genişləndirməklə regional və beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlükləri daha effektiv reallaşdırmaq, eləcə də iqtisadi və milli təhlükəsizliyini təmin etmək üçün daha münbit şərait əldə etmiş olur. Bu baxımdan, hazırda ölkəmiz üçün onunla eyni qitədə yerləşən, əhatə və nüfuz dairəsini intensiv olaraq genişləndirən və dünyanın əsas iqtisadi və siyasi güc mərkəzlərindən biri olan Avropa İttifaqı  ilə əməkdaşlığı genişləndirməklə Avropa iqtisadi məkanına səmərəli inteqrasiyanın təmin olunması obyektiv zərurətə çevrilmişdir.

Lakin bu, birtərəfli proses deyil. Aİ-nin özü də Azərbaycan kimi sürətlə inkişaf edən, öz ərazi bütövlüyünü bərpa etmiş, etibarlı tərəfdaş olduğu şübhə doğurmayan qüdrətli bir ölkə ilə sıx əlaqələri daha da genişləndirmək marağındadır.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, mahiyyət etibarilə hər iki tərəfin maraqlarına tam cavab verən və bu əsasda Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası prosesi heç də bir xətt üzrə maneəsiz inkişaf etməsi ilə xarakterizə olunmur. Belə ki, özündə iqtisadi aspektlərlə yanaşı, siyasi, sosial və geostrateji aspektləri də ehtiva etdiyindən bu proses bir sıra çətinliklər və maneələrlə də müşayiət olunur. Bu səbəbdən də, hazırda regional və beynəlxalq səviyyədə, o cümlədən Aİ çərçivəsində inteqrasiya proseslərinin inkişaf qanunauyğunluqları və meyilləri nəzərə alınmaqla, Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası prosesinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi və müasir vəziyyətinin təhlil olunub qiymətləndirilməsi əsasında bu sahədə mövcud olan problemlərin və çatışmazlıqların aşkarlanması, inteqrasiya prosesinin gücləndirilməsi istiqamətləri, imkanları və mexanizmlərinin müəyyənləsdirilməsi həm Azərbaycan, həm də Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmində olması, Azərbaycanın regionun aparıcı qüvvəsi roluna və əhəmiyyətinə yüksək qiymət verilməsi diqqət çəkməyə bilməz. Bu kontekstdə ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafı böyük maraq doğurur. Ümumilikdə Azərbaycanın müstəqillik tarixini əhatə edən bu əlaqələrin miqyası getdikcə genişlənərək hazırkı səviyyəyə çatıb. Təsadüfi deyil ki, Avropa İttifaqı yeni reallıqlarla xarakterizə olunan postpandemiya və postmüharibə dövründə də ölkəmizlə əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi aktivlik nümayiş etdirir. Diqqət yetirək, bu ilin iyun ayında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Rumıniyanın Xarici İşlər naziri Boqdan Auresku, Avstriyanın Xarici İşlər naziri Aleksandr Şallenberq, Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergis və Avropa İttifaqının nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Bu günlərdə isə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi respublikamızda olub.

Səfərdən sonra Azərbaycan haqqında və ölkəmizlə əməkdaşlığın dərinləşməsi barədə öz düşüncələrini bölüşən O.Varhelyi Avropa Komissiyasının rəsmi veb-saytında yer almış məqaləsində ölkəmizlə bağlı demişdir ki, Azərbaycan - çiçəklənən ölkədir, Avropa İttifaqının maliyyə yardımına ehtiyacı yoxdur və bu səbəbdən söhbət iqtisadiyyatın gələcəyinin birgə layihələndirilməsi haqqında düşünəndə bizim başqa yanaşmamız var və göstərə biləcəyimiz yardım Azərbaycanla birgə investorların cəlb edilməsindən, lazımi bilgilərin əldə olunmasından və ticarət yollarının yaradılmasından ibarətdir.

Böyük iqtisadi potensiala, geniş maliyyə imkanlarına malik ölkəmiz qlobal mənada tərəfdaş münasibətləri üçün açıqdır və heç bir maliyyə dəstəyinə ehtiyac duymur. Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişafını maliyyə yardımı baxımından deyil, məhz bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin gücləndirilməsi nöqteyi-nəzərdən dəyərləndirir.

Komissar həmçinin xüsusilə vurğulayır ki, söhbət uzunmüddətli perspektivdə regionun və Avropanın maraqlarına xidmət edə biləcək ticarət yollarından gedir. Əlbəttə, ilk baxışdan belə təsəvvür yarana bilər ki, cənab Varhelyi sadəcə olaraq regiondakı nəqliyyat infrastrukturunun daha da inkişaf etdirilməsində maraqlı görünür. Lakin bu, səthi bir yanaşma olardı. Məsələ burasındadır ki, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Azərbaycanın xüsusi rolunu və əhəmiyyətini daha qlobal müstəvidə görür: “Gördüyümüz bundan ibarətdir ki, regionda hansı istiqamətə getsək, qayıtmalı olduğumuz ümumi bir mövzu ilə rastlaşırıq - bu, əlaqənin olmamasıdır.  ... Əlaqə o deməkdir ki, biz Qara dənizi Xəzər dənizi ilə birləşdirməliyik və bizə Xəzər dənizindən Azərbaycan vasitəsilə Qara dənizə və Avropaya keçən ticarət yolları lazımdır”. Yəni, Azərbaycan xüsusiyyət, istisna təşkil edən bir məkandır və bu istisnalıq təkcə Azərbaycanın mühüm geosiyasi və coğrafi mövqedə yerləşməsi ilə deyil, daha çox ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşmış müasir rəqəmsal nəqliyyat-tranzit infrastrukturunun yüksək səviyyədə olması, ticarət marşrutlarının diversifikasiyası və optimallaşdırılması istiqamətində əldə etdiyi böyük nailiyyətlərlə bağlıdır. Bu isə Xəzər dənizindən Qara dənizə qədər uzanan əlaqələrin inkişafında Azərbaycanın indiki önəmini daha da artırır. Ona görə də, O.Varhelyi Azərbaycanı “ən çiçəklənən ölkə” adlandırır və respublikamızı regionun aparıcı ölkəsi görərək bölgənin postpandemiya dövründə bərpası və inkişafı məsələlərini məhz Azərbaycanla müzakirə edir: “Azərbaycan - ən çiçəklənən ölkədir və Azərbaycan pandemiya ilə uğurla mübarizə aparmağa, eləcə də pandemiya səbəbindən ciddi iqtisadi reaksiyadan qurtulmağa müvəffəq oldu. Bu böhran səbəbindən Azərbaycan ən az zərər görüb və məhdud fəsadlarla bu böhrandan çıxdığına görə biz ölkəyə və onun xalqına minnətdarıq”.

Qeyd edək ki, Avropa İttifaqının  Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin regiona səfəri çərçivəsində Cənubi Qafqazın aparıcı ölkəsi kimi bölgənin postpandemiya dövründə bərpası və inkişafı məsələlərinin məhz Azərbaycanla müzakirə edilməsi olduqca ciddi bir məsələdir və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bundan sonra bütün istiqamətlər üzrə sürətlə inkişaf edəcək perspektivlərin konturlarını açıq-aydın nümayiş etdirir.

Varhelyi Azərbaycanın Qarabağ regionunun bərpasından da bəhs edib.

“Nəhayət, biz Avropa İttifaqı olaraq müharibənin nəticələrinin aradan qaldırılması və regionda uzunmüddətli sülh üzərində dəstəyimizi təklif etdiyimiz Qarabağın münaqişədən sonrakı inkişaf planını və postmünaqişə fikirlərini müzakirə etdik... Faydalı hesab edilərsə, Avropa İttifaqı bölgənin inkişafına və bərpasına başlamasına kömək etmək üçün hər iki tərəf üçün açıqdır”, - deyə Avropa Komissarı bildirib. Heç şübhəsiz, Avropa İttifaqı Komissarının müharibənin nəticələrinin tam qəbul etməsini əks etdirən “postmünaqişə” dövründən danışması, təmsil etdiyi mötəbər beynəlxalq qurumun müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində və bölgədə uzunmüddətli sülhün bərqərar olması yönümdə fəaliyyət göstərməyə hazır olması xüsusilə vurğulanmalıdır. Göründüyü kimi, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycanın regionda yaratdığı yeni reallıqlar dünya birliyi tərəfindən qəbul və təqdir olunur. Bundan əlavə, Oliver Varhelyi Azərbaycanın Aİ-nin güclü tərəfdaşı olmasını da böyük məmnuniyyətlə qeyd edib: “Bu, dolğun, məzmunlu bir səfər idi. Hesab edirəm ki, Azərbaycanla tərəfdaşlığımıza yeni impuls verməyə müvəffəq olmuşuq”.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarının səfəri Azərbaycanla Avropa İttifaqı münasibətlərinin yeni mərhələsi kimi dəyərləndirilməlidir. Bu da, heç şübhəsiz, Azərbaycanın növbəti mühüm uğurudur.

Emin QASIMOV,

“Respublika”.