Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə edilib
Siyasət

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

Martın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozef Borel ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivlərini, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, Ukraynadakı vəziyyət, ölkəyə humanitar yardımın göstərilməsi məsələləri müzakirə mövzusunu təşkil edib.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası məsələləri, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib, habelə iki ölkə arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışını bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC