Azərbaycanın yazdığı tarixə bütün dünya şahidlik edir
Siyasət

Azərbaycanın yazdığı tarixə bütün dünya şahidlik edir

İşğaldan azad olunmuş torpaqlarımızdakı kəndlər, qəsəbələr yenidən salınır

"Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların bərpası başlamışdır".  Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il mart ayının 15-də Füzuli və Xocavənd rayonlarında səfərdə olarkən deyib.

İşğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, bu gün Füzuli rayonunda da tikinti-quruculuq işləri aparılır. Düşmən 200 ilə yaxın yaşı olan bu qədim yurd yerimizi nə qədər dağıdıb viran qoysa da, Füzuli öz tarixiliyini itirməyib.

Ən qədim insan məskənlərindən olan Azıx mağarasındakı tapıntılar Qarabulağın əsasının 1827-ci ildən qoyulduğunu sübut edir. Qarabulaq Füzuli rayonunun ilkin adıdır. 1827-ci ildə ərazi vahidi  kimi yaradılmış Qarabulağa 1930-cu ildə inzibati rayon statusu verilmiş və Qaryagin adlandırılmışdır. 1959-cu ildən isə 200 ilə yaxın tarixi olan qədim torpağımız böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə  Füzuli rayonu adlandırılıb.

Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsi (XVIII), Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbə,  XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsi, Şah Abbas karvansarası, Qiyasəddin məscidi, yaşı minilliklərə gedib çıxan Azıx mağarası və s. tarixi və memarlıq abidələri ilə tanınan  Füzuli rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən   işğal edilmiş, Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi düşmən əlinə keçmiş, bu yerlərin sakinləri öz doğma yurd-yuvasından didərgin düşmüşlər. O vaxtkı zabit və sıravi heyətin  təcrübəsizliyi, ordudakı hərc-mərclik, pərakəndəlik, vahid komandanlığın olmaması, ağır texnika və silahların çatışmamasına baxmayaraq,  minlərlə füzulili doğma  torpağının müdafiəsinə qalxmış, Ermənistan silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. 1994-cü ildə ulu öndər  Heydər Əliyevin rəhbərliyi ilə  Füzuli rayonunun 22 kəndi  və Horadiz qəsəbəsi işğaldan  azad olunmuşdur. İşğaldan azad olunmuş 1 şəhər, 17 qəsəbə və 22 kənddə infrastrukturun bərpasına başlanılmış və rayon əhalisinin yarısı öz torpaqlarına qayıtmışdır. Ölkə başçısı İlham Əliyev dəfələrlə Füzuli rayonunda olmuş,onun diqqət və qayğısı nəticəsində yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri bərpa olunmuşdur. 2007-ci ildə Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir.

Tarixi-dini abidələr, ziyarətgahlar, xüsusən də türbələrlə zəngin olmuş Füzuli rayonu təbii sərvətlər baxımından da çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadratmetr olan və mişar daşı istehsalına yararlı istismar olunan Dövlətyarlı, Dilağar əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadratmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadratmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları var. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi  işğala qədər mühafizə olunmuşdur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən  işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi  bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının  qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara Ermənistan tərəfindən məhəl qoyulmaması nəticəsində Füzuli rayonunun 62 kəndi və rayon mərkəzi 27 il düşmən əsarətində qalmış, ermənilər tərəfindən vandallıqla məhv edilmişdir.

27 sentyabr 2020-ci il tarixdə  Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə Azərbaycan Ordusunun  düşmənin hücumlarına qarşı əks-hücum əməliyyatı nəticəsində rayonun  Qaraxanbəyli,  Qərvənd,  kənd Horadiz, Aşağı  Əbdürrəhmanlı, oktyabrın 9-da Yuxarı Güzlək, Gorazıllı, oktyabrın 14-də Qaradağlı, Xatunbulaq, Qarakollu, oktyabrın 15-də Arış kəndi işğaldan azad edildi. Oktyabr ayının 17-də  isə  Qoçəhmədli,  Çimən,  Musabəyli,  Pirəhmədli,  Dədəli,  İşıqlı, Cuvarlı kəndləri və  Füzuli şəhəri düşməndən geri alındı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi: "Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi".

Davam edən əməliyyatlar nəticəsində oktyabrın 20-də Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar,  Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Saracıq, oktyabrın 21-də Gecəgözlü,  Aşağı Seyidəhmədli,  Zərgər kəndləri, oktyabrın 28-də Mandılı, noyabrın 7-də  Yuxarı Veysəlli,  Yuxarı Seyidəhmədli,  Qorqan,  Üçüncü Mahmudlu, Qacar və  Divanalılar, noyabrın 9-da Yal Pirəhmədli, Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu  və  Ələsgərli  kəndləri də düşməndən alındı. Beləliklə, Ermənistanın  təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində  başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən  biri olan  Füzuli döyüşləri sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun  da bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad olundu. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfər şəhid olmuş, 300 nəfər yaralanmışdır. Füzuli  uğrunda gedən döyüşlərdə  iştirak edən  Vətən oğullarının şücaət və vətənpərvərliyi ölkə başçımız tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edilmiş və  Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında  iştirak edərək igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu bu medalla  təltif edilmişdir.

30 il ərzində alçaqniyyətli, xəbis düşmənin işğal etdiyi bütün ərazilərimiz erməni vandallığının qurbanı olmuş, şəhər və kəndlərimiz viran qoyulmuş, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilmişdir. Xalqımıza və dövlətimizə qarşı cinayət törətmiş mənfur düşmən Füzulidə də  demək olar ki, daşı daş üstə qoymayıb. Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri  zamanı deyib: "Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?!..".

Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən əməllər törədən  Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi və mədəni irsimizi məqsədyönlü şəkildə və xüsusi qəddarlıqla məhv etmişdir. Bu əməllər isə ümumilikdə, bəşəriyyətə qarşı mənəvi soyqırımı, bəşər mədəniyyətinə qarşı təcavüz hesab olunur.

Bu gün uzun illər işğal altında olan torpaqlarımızda vandal ermənilərin  insanlıq  adına yaraşmayan əməllərinin  izləri silinir, viran qoyulmuş kəndlər, qəsəbələr yenidən salınır. Elimizin doğma torpaqlara qayıtması, insanların ata-baba yurdlarında bəxtiyar yaşamaları üçün genişmiqyaslı quruculuq işləri aparılır.

2020-ci il noyabrın 16-da  Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonunda olmuşlar. Dövlət başçımız  Füzuli şəhərində  Azərbaycan bayrağını qaldırmış, səfər zamanı Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun təməlini qoymuşdur. Vətən müharibəsindən sonra 4 dəfə Füzuli rayonunda olan  Prezident İlham Əliyev səfərləri  çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yol xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməlini qoymuş, Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olmuş və Füzuli yarımstansiyasının  açılışında iştirak etmişdir.

Torpaqlarımız işğaldan azad edildikdən sonra, bu ilin əvvəlində  ölkə başçımız İlham Əliyev Füzuli şəhərində beynəlxalq  hava limanının  tikintisi barədə Sərəncam imzalamış, hava limanının  təməlqoyma  mərasimi   yanvar ayının 14-də baş tutmuşdur. İnşası "AzVirt" MMC-yə həvalə  olunan, köhnə aeroportun yerində tikilən hava limanında  tikinti işləri yekunlaşmaq üzrədir. Füzulidə hava limanının tikilməsi ölkənin bu bölgəsi ilə rahat və operativ əlaqənin saxlanılması,  işğaldan azad edilən ərazilərin inkişafı, o cümlədən turizm imkanlarının artması üçün də əlverişli şəraıt yaradacaq. Füzulidə hava limanının inşa edilməsi turistlərin  daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getməsinə,  Şuşa və digər şəhərlərimizi ziyarət edə bilmələrinə imkan verəcək. Füzulidə beynəlxalq hava limanının açılması Azərbaycanın logistik imkanlarını artıracaq  ki, bu da bölgənin iqtisadi əlaqələrinin genişlənməsi baxımından vacib amildir.

Bakı, Naxçıvan və Türkiyəni birləşdirən yolun üzərində yerləşərək Zəfər yoluna birləşdirilən Füzuli hava limanı iqtisadi baxımdan səmərəli olmaqla bərabər, rayonun  strateji əhəmiyyətini də artıracaq. Füzuli Beynəlxalq Hava Limanına  ilk təyyarənin eniş etməsi torpaqlarımızın işğaldan azad edilməsinin və Qarabağdakı yenidənqurma işlərinin növbəti təcəssümü oldu.

1980-cı ildə  suvarma məqsədilə yaradılmış Aşağı Köndələnçay su anbarı Füzulidə, Köndələnçay üzərində yerləşir. Rayon erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra  ümumi tutumu 9,5 milyon kubmetr olan, 63 min hektar sahəni suvarmağa imkan verən  Köndələnçay su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. Dövlət başçısı İlham Əliyevin  göstərişi əsasında  Köndələnçay su anbarının  bərpası  işləri aparılır. 

Azad olunmuş ərazilərdə nəqliyyat və infrastruktur layihələrinin inşası da davam etdirilir. Ordumuzun  Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunu dövlətimizin başçısı  Zəfər yolu adlandırmışdır. Qələbə günündən 8, Ermənistanın kapitulyasiyasından 6 gün sonra  Füzuli şəhərindən Şuşa şəhərinə çəkilən  bu yol   işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihə olaraq həm də rəmzi məna daşıyır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilən, uzunluğu 101 kilometr olan iki-üç hərəkət zolaqlı Zəfər  yolunun  92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, Füzuli, Xocavənd və Xocalı rayonlarının  20-dən artıq yaşayış məntəqəsini  də əhatə edəcək.  Dövlət başçısının müvafiq  Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikilməsinə 50 milyon manat vəsait ayrılıb.

Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin də  təməli qoyulub. Olduqca böyük strateji əhəmiyyətə malik,  ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Füzuli rayonunda  3 ay ərzində inşa edilən, rayondakı strateji obyekləri, hava limanı, o cümlədən Füzuli-Şuşa yolunu, eləcə də əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək  Füzuli yarımstansiyası  da istifadəyə verilib. Bu il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə  yarımstansiyanın açılışı olub. Yeni aeroportun və Zəfər yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi  ilə bu gün işğaldan azad edilmiş bütün bölgələrimizdə böyük Zəfərimizin davamı olan genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri həyata keçirilir.  27 il ərzində mənfur düşmən tərəfindən yerlə-yeksan edilmiş Füzuli rayonu da bu gün yenidən qurulur, dirçəldilir. Rayonda şəhərsalma üzrə yerli və xarici  mütəxəssislər  yeni şəhərsalma planı üzərində işləyir. Planda  kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası xüsusi yer tutur. Eyni zamanda, erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi  tədbirlər yerli və xarici ekspertlərin  iştirakı ilə aparılacaq və erməni vandalizminə adekvat qiymət veriləcəkdir.

44 günlük Vətən müharibəsində qətiyyəti, hünəri ilə düşmənə meydan oxuyaraq Zəfər tariximizi yazan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün erməni işğalından azad olunmuş bütün bölgələrimizdə xarüqələr yaradılır. Yaxın gələcəkdə  hər kəndi, hər şəhəri cənnətə çevriləcək Qarabağımız dostu sevindirəcək, düşmənin bağrını yaracaq...

Mehparə ƏLİYEVA,

"Respublika".