Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyada səfərdə olub
Siyasət

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyada səfərdə olub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyaya səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir müavini Almaniya Federativ Respublikasının (AFR) Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Mattias Lüttenberq və AFR-in federal kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşavirinin müavini Kristian Aulbaxla görüşlər keçirib.

Görüşlərdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, eləcə də ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı, beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair geniş fikir mübadiləsi aparılıb. Bu il iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd edildiyi vurğulanıb, ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər iki ölkə arasında təşəkkül tapmış intensiv və səmimi siyasi dialoqun Almaniyanın yeni hökuməti ilə də davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Həmçinin iqtisadi əlaqələrin inkişafı, Almaniyanın işğaldan azad edilmiş ərazilərimizin yenidənqurma işlərində fəal iştirakı, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair imkanlar müzakirə edilib. Eləcə də Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanıb.

Xələf Xələfov həmsöhbətinə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra yaranmış yeni reallıqlar, regionda davamlı sülhə nail olunmasına dair imkanlar və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mövqeyimiz barədə ətraflı məlumat verib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda, Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

AZƏRTAC