Azərbaycanın xarici işlər nazirinin müavini Norveç Krallığında bir sıra görüşlər keçirib
Siyasət

Azərbaycanın xarici işlər nazirinin müavini Norveç Krallığında bir sıra görüşlər keçirib

Azərbaycanla Norveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə əlaqədar münasibətilə Osloda səfərdə olan xarici işlər nazirinin müavini Fariz Rzayev Krallıqda bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Fariz Rzayev Norveç parlamentinin (Storting) Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvləri, Norveçin dövlət katibi Vad Petersson, habelə Stortingin Xarici və Müdafiə komitəsinin sədri Ine Eriksen Söreide ilə görüşüb.

İki ölkə arasında əlaqələrin vacibliyi vurğulanan görüşlərdə Azərbaycan ilə Norveç arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə həyata keçirilən bu səfərin və Osloda baş tutan konsertin əhəmiyyəti yüksək qiymətləndirilib. Bununla yanaşı, tərəflər ikitərəfli əlaqələrin hazırkı durumunu və inkişaf perspektivlərini müzakirə edərək, xüsusilə təhsil, alternativ enerji mənbələrdən istifadə və iqtisadiyyat sahələrində mövcud olan perspektivləri qeyd ediblər.

Görüşlərdə qarşılıqlı maraq doğuran müxtəlif ikitərəfli və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi də aparılıb.

Norveçin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilmiş dəyirmi masada isə Cənubi Qafqazın artan rolu, postmünaqişə dövründə regionda gedən normallaşma prosesləri, eləcə də aktual beynəlxalq və regional məsələlər təhlil edilib.

AZƏRTAC