Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət

Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

İyulun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əsəd Qeysər ölkəmizin ərazilərini azad etməsi münasibətilə təbriklərini çatdıraraq Pakistan xalqının bu Qələbəni Azərbaycan xalqı ilə birgə qeyd etdiyini vurğulayıb. O, Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini, ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib. Ə.Qeysər Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrləri arasında ilk üçtərəfli görüşdə iştirakından məmnunluq duyduğunu ifadə edib. Ölkələrimiz arasında parlamentlər səviyyəsində əməkdaşlığı, hər iki tərəfdən parlament dostluq qruplarının fəaliyyətinin müsbət təcrübəsinə istinad edən Milli Assambleyanın sədri bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət töhfə verəcəyini söyləyib. O, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir üzrə Təmas Qrupu çərçivəsində fəal iştirakını qeyd edib.

Nazir Ceyhun Bayramov təbrikə görə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədrinə təşəkkürünü bildirib. O, bu ilin əvvəlində İslamabadda keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşünə istinad edərək, üçtərəfli formatda təşkil olunan toplantıların qardaş ölkələr arasında əlaqələrin inkişafına ciddi töhfə verdiyini vurğulayıb. Azərbaycanın Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllini dəstəklədiyini qeyd edib. Nazir səfər çərçivəsində Pakistan Milli Assambleyasının nümayəndə heyətinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya gedərək oradakı vəziyyətlə və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların miqyası ilə tanış olmaq imkanını vurğulayıb.

Qarşı tərəfə postmünaqişə mərhələsi, azad olunmuş ərazilərdəki mina təhlükəsi, həyata keçilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Ermənistan tərəfindən hələ də destruktiv mövqe nümayiş edildiyini vurğulayan nazir qarşı tərəfin son zamanlar sərhəd bölgəsində vəziyyəti gərginləşdirmək cəhdlərini qınayıb və Ermənistanı təxribatlardan əl çəkərək, iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara başlamasının regional sülh və təhlükəsizliyin təmin olunması baxımından vacibliyini bildirib.

Tərəflər, habelə Azərbaycan ilə Pakistan arasında iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin regional təhlükəsizlik, iqlim dəyişikliyi üzrə məsələlər müzakirə edilib.

AZƏRTAC