Azərbaycanın xarici işlər naziri Filippinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
Siyasət

Azərbaycanın xarici işlər naziri Filippinin ölkəmizdəki yeni səfiri ilə görüşüb

Noyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfiri salamlayan nazir Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanla Filippin arasında mövcud olan siyasi münasibətləri yüksək qiymətləndirib. O, iki ölkə arasında iqtisadi, ticarət, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir Maria Elena Alqabre öz növbəsində görüşə görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. Səfir ölkələrimiz arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksək qiymətləndirərək, bir çox sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə edilib, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və bu dövrdə irəli sürülən təşəbbüslərin uğurla həyata keçirildiyi qeyd olunub, habelə Hərəkatın sədri kimi ölkəmizin mövqeyinin həmişə üzv dövlətlərin maraqlarının qorunması, eyni zamanda, əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğu vurğulanıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC