Azərbaycanın xarici işlər naziri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin icraçı direktoru ilə görüşüb
Siyasət

Azərbaycanın xarici işlər naziri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin icraçı direktoru ilə görüşüb

Martın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kairat Sarıbay ilə görüşüb.

 Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, icraçı direktor görüşdə Azərbaycanın ilk gündən etibarən AQEM təşəbbüsünə davamlı dəstək göstərdiyini məmnunluq və minnətdarlıqla qeyd edib. O, xüsusilə Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üçün etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolunu yüksək qiymətləndirib, sözügedən istiqamətdə ötən ilin sentyabrında keçirilən ekspertlər görüşünün çox faydalı olduğunu vurğulayıb. Kairat Sarıbay, həmçinin təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin qurulmasının AQEM çərçivəsində əsas istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor bu ilin oktyabrında keçiriləcək AQEM-in Sammitinə hazırlıq prosesi barədə məlumat verib.

 Nazir Ceyhun Bayramov Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini və sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi önəmi və bu istiqamətin prioritet xarakter daşıdığını qeyd edib. Xüsusilə postmünaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları kontekstində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulayan nazir bu xüsusda Azərbaycanın mövqeyini ifadə edib.

 Nazir Ceyhun Bayramov, eyni zamanda, AQEM platformasının inkişafı ilə bağlı səylərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

 Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında, habelə AQEM-in bu ilin oktyabrında keçiriləcək Zirvə görüşünə hazırlıq işləri barəsində fikir mübadiləsi aparıblar.

AZƏRTAC