Azərbaycanın və Uqandanın xarici işlər nazirləri telefonla danışıblar
Digər xəbərlər

Azərbaycanın və Uqandanın xarici işlər nazirləri telefonla danışıblar

Fevralın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin perspektivləri və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğuna məmnunluqla istinad edib. Bu xüsusda, cari ilin mart ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Azərbaycanın 2019-cu ildən bəri Hərəkata uğurla sədrlik etməsi, habelə təşkilatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycanın təşkilata uğurlu sədrlik təcrübəsinin Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub.

Tərəflər, eyni zamanda, 2023-cü ilin dekabrında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.