Azərbaycanın və Sloveniyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr davam etdiriləcək
Siyasət

Azərbaycanın və Sloveniyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr davam etdiriləcək

Martın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının Azərbaycan Respublikasında akkreditə olunan qeyri-rezident səfiri Primoş Şeliqo ilə görüşüb.

 Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov ölkəmizin Sloveniya ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini qeyd edərək, ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.

Səfir Primoş Şeliqo iki ölkə arasında mövcud olan tarixi əlaqələri və dostluq ənənələrini qeyd edib, ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. O, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsindən bəhs edərək, bu il ərzində Birgə İqtisadi Komissiyanın ilk iclasının keçirilməsi, habelə ANAMA ilə əməkdaşlıq münasibətlərinin qurulmasının mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə inamını vurğulayıb.

Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə bu ərazilərdə minalardan təmizlənmə istiqamətində görülən işlər, Azərbaycanın postmünaqişə mərhələsində iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı sərgilədiyi mövqeyi barədə məlumat verib.

Tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər nazirlikləri arasında 2021-ci ildə keçirilmiş siyasi məsləhətləşmələr təcrübəsinin qarşıdan gələn illərdə də davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub.

AZƏRTAC