Azərbaycanın turizm potensialı beynəlxalq sərgidə
Digər xəbərlər

Azərbaycanın turizm potensialı beynəlxalq sərgidə

Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmid sentyabrın 7-də Moskva şəhərində keçirilən “OTDYKH Leisure” beynəlxalq sərgi və forumunda “Show Must Go On: Turizmin Gələcəyi, Səyahət Tendensiyaları” mövzusuna həsr olunmuş sessiyada onlayn çıxış edərkən bildirib ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərin turizm potensialından səmərəli istifadə istiqamətində mühüm işlər görürük. Eyni zamanda,  Florian Zenqstşmid çıxışında ATB tərəfindən postpandemiya dövründə turizm sənayesinin bərpası istiqamətində müxtəlifyönümlü tədbirlərin həyata keçirilməsi haqqında, yeni turizm məhsulları və marşrutların inkişaf olunması, turizm infrastrukturunun təkmilləşdirilməsi, Naftalan şəhərinin destinasiya brendinin yaradılması və bu istiqamətdə aparılan işlər, eləcə də Büronun gələcək planları barədə də məlumat verib.

Baş icraçı direktor, həmçinin ölkədə uğurlu vaksinasiya prosesi nəticəsində artıq 42 ölkənin vətəndaş və rezidentləri üçün beynəlxalq sərhədlərin açıldığı, bunun da ölkəmizdə turizm sənayesinin bərpasına müsbət təsir göstərəcəyini bildirib.

Qeyd edək ki, 27-ci dəfə təşkil olunan forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasiyası, Naxçıvan Turizm Departamentinin nümayəndələri, eləcə də 11 yerli turizm şirkəti iştirak edir.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.