Azərbaycanın turizm imkanları tanıdılır
İQTİSADİYYAT

Azərbaycanın turizm imkanları tanıdılır

 Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu və Yaxın Şərqdə turizm üzrə ixtisaslaşmış nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüşlər Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış “Wego”, Birləşmiş Ərəb Əmirliklərinin aparıcı səyahət platformaları olan “DnataTravel” və “Al Rais Travel”, Yaxın Şərqdə aparıcı səyahət və turizm təmsilçiliyi şirkəti sayılan “Gulf Reps”, həmçinin əsası Səudiyyə Ərəbistanında qoyulmuş, Yaxın Şərq bölgəsində ən böyük səyahət və turizm şirkətlərindən olan “Seera Group”-un rəhbər şəxsləri arasında baş tutub.

Görüşlərdə ikitərəfli əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri, ortaq layihələr, həmçinin beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyaları məsələləri müzakirə olunub.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edərək nüfuzlu şirkətlərlə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

F.Zenqstşmid “EXPO 2020 Dubai” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq müzakirə panelinin mühüm mövzunu əhatə etdiyini, yeni dövrdə texnologiyanın dayanıqlı turizm sənayesinin formalaşmasında əsaslı rol oynadığını vurğulayıb.  

Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında “Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsi keçirilmiş, Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunmuşdu. 1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.

Bəybala BƏYBALAYEV,

“Respublika”.