Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bütün dünya tərəfindən pislənilir
Digər xəbərlər

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bütün dünya tərəfindən pislənilir

İkinci Qarabağ müharibəsindən sonra əsrlər boyu qonşuluq şəraitində yaşadığımız İranın ölkəmizə olan münasibəti tamamilə dəyişdi. Özünü İslam ölkəsi adlandıran, lakin öz dininə, məzhəbinə uyğun olmayan addımlar atan "İslam respublikası" işğalçı, terrorçu, eyni zamanda İslam dininə qarşı çıxan Ermənistanı dəstəkləməklə, əslində özünün islamofobiya, azərbaycanofobiya meyilli olduğunu nümayiş etdirdi. Cənub qonşumuz anti-Azərbaycan siyasətini əvvəllər örtülü şəkildə həyata keçirsə də, Azərbaycanın İkinci Qarabağ müharibəsində ərazilərini bərpa etməsindən, Türkiyə ilə münasibətlərin həm də müttəfiqlik mərhələsinə yüksəlməsindən sonra məkrli siyasətini açıq şəkildə yürütməyə başladı. Uzun illər boyu Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə ermənilərlə işbirliyi quraraq ölkəmizin təbii sərvətlərini talan edən, 44 günlük müharibədən sonra Azərbaycanla sərhədində Ermənistanla birgə hərbi təlimlər keçirərək ölkəmizə hədə-qorxu gələn, Ermənistan sərhədini özünün qırmızı xətti adlandıran İran İslam Respublikası bu gün tamamilə həddini aşdı.

Belə ki, yanvar ayının 27-də səhər saatlarında İranın xüsusi xidmət orqanı SEPAH-la əlaqəli olan İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum etmiş, qanlı terror aktının törədilməsi nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisi öldürülmüş, daha iki əməkdaşı isə yaralanmışdır. İran tərəfinin bu addımı hər şeydən əvvəl beynəlxalq hüquq normalarına ziddir. Çünki beynəlxalq diplomatik hüquq normalarına görə bir ölkənin səfirliyinə edilən hücum həmin ölkəyə qarşı hücum kimi qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tvitterdə etdiyi paylaşımda deyilir: "Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım etmişdir: "Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!".

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı da bəyanat vermiş və regionda yeni reallıqlar yaradan, Cənubi Qafqazın lider dövləti kimi güc mərkəzinə çevrilən, dünyada etibarlı tərəfdaş kimi tanınan qalib Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən təxribat cəhdinin bundan sonra da heç bir nəticə verməyəcəyini bəyan etmişdir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləmiş və terror hadisəsinə kəskin etirazlarını bildirmişdir.

İranın həyata keçirdiyi bu qanlı hadisə onun ölkəmizə olan qərəzli siyasətinin, düşmənçilik münasibətinin təzahürüdür. Eyni zamanda, bütün dünyada tolerant ölkə, multikulturalizmin məkanı hesab olunan, heç bir dövlətin daxili işlərinə qarışmayan Azərbaycana qarşı atılan bu addım yalnız qarşı tərəfin sülhü təhdid etməsinin, əmin-amanlığı, təhlükəsizliyin bərqərar olmasını istəməməsinin göstəricisidir. Bütün dünyada sülhsevər ölkə olaraq qəbul edilən, xalqların birgəyaşayışına dözümlülük nümayiş etdirən, inteqrasiyaya, inkişafa və ümumbəşəri dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycana qarşı terror hadisəsi törədən, insanlığa yaraşmayan, milli və dini dəyərlərə zidd addımlar atan İran Ermənistandan heç də fərqli siyasət yürütmür. Ölkəmizə qarşı yönəlmiş bu məkrli siyasəti iki qardaş ölkənin paralel şəkildə həyata keçirməsi isə İran-Ermənistan birliyini nümayiş etdirir. Bu, hər şeydən əvvəl Azərbaycan- Türkiyə qardaşlığını həzm edə bilməmək və süni şəkildə qardaşlıq nümunəsi göstərməkdir. Səmimi dostluq, qardaşlıq zəminində qurulan Azərbaycan-Türkiyə münasibətləri bu gün Ermənistandan daha çox İranı narahat edir. Elə bu qondarma İslam ölkəsinin Azərbaycana qarşı olan düşmənçilik münasibətinin əsasında da Türkiyə-Azərbaycan birliyini, həmrəyliyini İranın qəbul edə bilməməsi dayanır.

Onu da qeyd edək ki, ölkəmizin Tehrandakı diplomatik nümayəndəliyinə edilən hücuma da ilk rəsmi bəyanat verən ölkə məhz İkinci Qarabağ müharibəsi başlayan gündən Azərbaycanın yanında olan, ona siyasi-mənəvi dəstək verən Türkiyə oldu. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş verən hadisədən dərhal sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək hadisəni terror aktı olaraq qiymətləndirmiş, bununla bağlı narahatlığını ifadə etmişdir. Çavuşoğlu qətiyyətlə hər zaman olduğu kimi, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirmişdir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da ölkəmizin Tehrandakı səfirliyinə edilən xain hücumu pisləyən bəyanat vermişdir. O cümlədən Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım, Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Daria Yanık, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da İranın ölkəmizə qarşı həyata keçirdiyi terror aktını pisləmiş, Azərbaycan xalqına baş verən hadisə ilə bağlı başsağlığı vermişdir. Türkiyənin digər rəsmiləri də terror hadisəsi ilə bağlı rəsmi tvitter hesablarında bəyanatlar veriblər.

Müstəqil siyasət yürüdən, humanist ideyalara sadiq olan, yalnız region ölkələri ilə deyil, sülh tərəfdarı olan dövlətlərin hər biri ilə səmimi dostluq münasibətləri, əməkdaşlıq əlaqələri quran Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət dost ölkələr tərəfindən bu gün də dəstəklənir. Belə ki, beynəlxalq aləmdən Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyən saysız-hesabsız bəyanatlar verilməkdədir.

Ukrayna Xarici İşlər Nazirliyi, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu qanlı hadisəni qətiyyətlə pisləmiş, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva isə tvitter hesabında yazmışdır: "Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa deyirəm".

ABŞ səfirliyi də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı başsağlığı vermiş, Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Fergus Auld Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbərindən sarsıldığını bildirmişdir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəni pisləmiş və daha sonra ətraflı şərh veriləcəyini də bildirmişdir.

İran polisinin rəsmisi hadisənin məişət xarakterli olduğunu bəyan etməklə baş verənlərdən ölkəsini yayındırmağa çalışsa da, beynəlxalq aləmdə böyük etiraza səbəb olan bu hadisədən İran özünü heç bir halda müdafiə edə bilməz. Çünki müxtəlif ciddi mənbələr də qeyd edirlər ki, səfirliyimizə edilən hücum orada çalışan insanlarımızın hər birini qətlə yetirmək məqsədilə törədilmişdir və bu terrorun arxasında İranın xüsusi xidmət orqanlarının dayandığı gün kimi aydındır. Belə ki, "Təbriz-Turan-TV" (TTTv) teleqram kanalı özünə yaxın etibarlı mənbələrə istinadən xəbər verir ki, əvvəlcə İran tərəfi həyata keçirilən terror aktında öz izlərini ört-basdır etməyə və diqqəti yayındırmağa çalışaraq guya "erməni izi" ilə bağlı fikirlər səsləndirmiş və terrorçunun iranlı polislər tərəfindən saxlandığını bildirmişdir. Lakin videokadrlardan da görünür ki, terrorçu məhz Azərbaycan səfirliyinin təhlükəsizlik əməkdaşı tərəfindən saxlanılmışdır.

Bəli, bu terror aktının, qanlı hadisənin ssenari müəllifi də, icraçısı da məhz İranın özüdür. Bu isə din pərdəsi altında təxribatçı əməllər törədən, insan ölümünə səbəb olan qondarma İslam ölkəsinin ilk terror hadisəsi deyil. Həmişə terror yuvası olan, təxribatı, işğalı dəstəkləyən bu "islam" ölkəsi ayrı-ayrı vaxtlarda bir sıra xarici ölkələrdəki diplomatik nümayəndəliklərə hücumlar təşkil etmiş, qanlı hadisələr törətmişdir. Məsələn, bir müddət əvvəl "Arab News" xəbər saytı bildirmişdir ki, ötən aylarda Albaniyada bir nəfər İran vətəndaşı İran hökuməti adına Albaniyadakı iranlı müxaliflər arasında kəşfiyyat aparmaq və terror fəaliyyətlərində iştirak etməkdə ittiham olunaraq həbs olunmuşdur. Eyni zamanda, ötən il Azərbaycanın Londondakı səfirliyinə hücumda da İranın əli olmuşdur. Avqust ayında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi də bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdır. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırmış, radikal dini şüarlar səsləndirmişlər. Yanvar ayının 27-də Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə edilən silahlı hücum ölkəmizin digər xarici ölkələrdəki konsulluqlarına edilmiş silahlı basqınların davamı, bu günə kimi İranda aparılmış anti-Azərbaycan təbliğatının və fəaliyyətinin nəticəsidir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin məlumatında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldığı bildirilir. Eyni zamanda, Azərbaycan dövləti İrandan yanvar ayının 27-də törədilmiş cinayətlə bağlı obyektiv araşdırma gözləyir. Sözsüz ki, əgər İranın buna cəsarəti çatacaqsa...

Mehparə ƏLİYEVA,

"Respublika".