Azərbaycanın sülh təşəbbüsü davamlı sabitliyə və əməkdaşlığa təminat verir
Digər xəbərlər

Azərbaycanın sülh təşəbbüsü davamlı sabitliyə və əməkdaşlığa təminat verir

"Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində bildirib. Ölkə başçısı qeyd edib ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Bu, görüşün ən mühüm nəticələrindən idi. Sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik.

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən növbəti görüş də ölkəmizin sülhpərvər siyasətində qətiyyətli mövqeyinin təsdiqi kimi yadda qaldı. Bu formatda Brüsseldə keçirilən sayca 4-cü görüşün nəticələri Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilməlidir.

Əvvəlki müzakirələrdə olduğu kimi, bu dəfə də sülh razılaşmasının əsas komponenti olaraq Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması qarşıya əsas məqsəd kimi qoyuldu. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyü oldu. Eyni zamanda, tərəflər arasında sərhəd məsələləri üzrə birgə komissiya yaradılması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılıq əldə edildi. Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də razılaşmada öz əksini tapdı.

Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanatında qeyd olunub ki, uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamağın vacib olduğunu bildirən Avropa İttifaqı Şurasının Prezidenti deyib: "Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir - bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir". Şarl Mişel həmçinin görüş zamanı fikir mübadiləsinin açıq və məhsuldar keçdiyini önə çəkərək bildirib ki, bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələri və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Avropa İttifaqı Şurasının Prezidenti onu da əlavə edib ki, qurum hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək: "Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik".

Beləliklə, Brüssel görüşü Prezident İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsidir. Əldə edilən razılaşmalar Azərbaycanın mövqeyinə uyğundur. Prezident İlham Əliyev uğurlu diplomatiyası ilə regionda yeni sülh və əməkdaşlıq erasının başlanmasına çalışır. Sülh razılaşmasını ləngidən Ermənistanı da Azərbaycanın şərtləri ilə razılaşmağa, Bakının irəli sürdüyü və sülh müqaviləsinin əsasını təşkil edən prinsipləri qəbul etməyə çağırır.

Azərbaycan istər Vətən müharibəsindən əvvəl, istərsə də müharibədən sonra bütün diplomatik fəaliyyətini bölgədə sabitliyin bərqərar olunmasına yönəltmişdir. Lakin rəsmi İrəvanın təxribatçı mövqeyi hər zaman buna maneçilik törətmişdir. Belə ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin 30 ilə yaxın uzanması ilə nəticələndi. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində verdiyi qətnamə və göstərişlər reallıqda icra olunmadı. Münaqişənin həll olunması üçün bilavasitə missiya daşıyan dünyanın ən güclü dövlətlərinin ikili standartları Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin bərpa olunmasını uzun müddət ləngidir.

Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına və regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsinə nail olmaq məqsədilə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində həyata keçirdiyi 44 günlük uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etməklə öz ərazi bütövlüyünü bərpa etmişdir. Ermənistan və Azərbaycan arasında imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə İkinci Qarabağ müharibəsi başa çatmışdır. Vətən müharibəsindən sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılması və inkişafına xidmət edən sülhün təmin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranmışdır.

Azərbaycan ölkələrlə münasibətlərini yeni əməkdaşlıq formatları fonunda daha zəngin və faydalı etməyə səy göstərir. Bunun üçün ölkəmizin təklif etdiyi sülh müqaviləsinin Ermənistan tərəfindən imzalanmasına dünya güclərinin dəstək göstərməsi çox vacib amildir.

Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdır. Həm də region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, ölkələr arasında yaranacaq mehriban qonşuluq münasibətləri regionun iqtisadi cəhətdən inkişaf etməsinə çox böyük töhfələr verəcəkdir.

Müşfiq MİRZƏ,

"Respublika".