Azərbaycanın Qoşulmama Hərəkatına daha bir il sədrlik etməsi inam və etimadın ifadəsidir
SİYASƏT

Azərbaycanın Qoşulmama Hərəkatına daha bir il sədrlik etməsi inam və etimadın ifadəsidir

Qoşulmama Hərəkatı (QH) heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında prinsipləri işlənib hazırlanan QH-nın Birinci Sammitinin hazırlıq mərhələsi 1961-ci il 5-12 iyun tarixlərində Misirin Qahirə şəhərində keçirilmişdir. 1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində 25 ölkə başçısının iştirakı ilə Yuqoslaviya prezidenti İosif Broz Tito, Hindistanın ilk baş naziri və prezidenti Cəvahirləl Nehru, Misir prezidenti Camal Əbdül Nasir, İndoneziya prezidenti Sukarno, Qananın ilk baş naziri və prezidenti Nkrume Kvamenin təşəbbüsü ilə yaradılmışdır. Qoşulmama Hərəkatı istilahı ilk dəfə olaraq 1976-cı ildə Hərəkatın 5-ci konfransında qüvvəyə minmişdir. QH, BMT təşkilatı üzvlərinin təxminən 2/3, dünya əhalisinin 55 faizini təşkil edir. Hərəkatın daimi katibliyi yoxdur. Sədrlik iyerarxiya prinsipi üzrə deyil, sıra prinsipi əsasında bütün üzv dövlətləri ehtiva etməklə səs çoxluğu ilə təyin olunur.

Hərəkatın başlıca məramı Soyuq müharibədən sonra dünyanın inkişaf etməkdə olan ölkələrinin birlik və həmrəyliyini qoruyub saxlamaq məqsədi daşıyırdı. QH-nın başlıca prinsipləri BMT nizamnamələrinə uyğun olaraq aşağıdakı təməl maddələri ehtiva edir: Bütün xalqların suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə hörmət; BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət və milli müstəqillik hərəkatının tanınması; Bütün irqlərin və xalqların bərabərliyinin tanınması; Hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən və daxili işlərinə müdaxilədən çəkinmə; BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli; İnsan hüquqlarına hörmət; Müxtəlif xalqlar, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmətin qorunması, dialoqun inkişaf etdirilməsi və tolerantlığın təşviqi və s.

Beləliklə, QH üzv dövlətlərin “milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması” çərçivəsində imperializm, müstəmləkəçilik və postmüstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı yaranmışdır. Hazırda Hərəkat daxilində bir-birilə münaqişədə olan, sol və sağ görüşlü dövlətlər, digər güclü dövlətlərlə müəyyən birliklər və bloklar tərkibində birləşən və ikitərəfli hərbi əməkdaşlıq əlaqələri quran dövlətlər az deyil. Lakin QH prinsiplərinə əsasən bu əməkdaşlıqdan üzv dövlətlərin maraqlarına xələl gətirəcək, eləcə də güclü dövlətlərin mənfəətlərinə xidmət edəcək şəkildə istifadə olunması QH-nın başlıca ideyalarına ziddir.

QH üçüncü dövlətlərin səslərini müdafiə edən platformadır. Beynəlxalq siyasətdə qütbləşmənin dərinləşdiyi bir vaxtda (əvvəllər bu, ABŞ və SSRİ idisə, hazırda bir neçə qütbləşmə mövcuddur), kiçik və zəif dövlətlər bu qütbləşmənin tərəflərindən birini seçməklə ikiqütblü müharibələrin piyadasına çevrilir, ya da təbii sərvətləri qütblərin savaşında xərclənir, ərazilərindən hərbi baza kimi istifadə olunur və nəhayət, azacıq ianə müqabilində güclü dövlətlərin faktiki asılılığına keçmiş olur. QH bu baxımdan üçüncü dövlətlər üçün faktiki “sığınacaq və müdafiə platforması” rolunu oynayır.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti sammitin Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür.

2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul edilən respublikamız qısa müddət ərzində beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmışdır.

2019-cu il oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək mövzusunda keçirilən XVIII Zirvə görüşündə Azərbaycan qurumun sədri seçildi. Beləliklə, Azərbaycan beynəlxalq tribuna əldə etdi. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə bir nəhəng təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi hadisə idi.

2021-ci il iyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda onlayn formatda aralıq konfransı keçirildi. Konfransın keçirilməsində əsas məqsəd Hərəkatın Bakı Zirvə görüşündən ötən müddət ərzində Hərəkat üzvlərinin birgə səyləri ilə qlobal çağırışlara qarşı mübarizədə əldə olunmuş irəliləyişləri və bu istiqamətdə atılacaq növbəti addımları müzakirə etməkdən ibarət olub. 33 ölkənin xarici işlər naziri səviyyəsində təmsil olunduğu konfransda Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarına videomüraciətində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirilmiş uğurlu təşəbbüslər barədə məlumat vermiş, Azərbaycan Respublikasının Hərəkata sədrliyi çərçivəsində Hərəkatın beynəlxalq nüfuzunun və təsirinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildirmişdir. Dövlət başçısı Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə Qoşulmama Hərəkatına üzv dövlətlərə məlumat verərək Azərbaycanın əldə etdiyi qələbənin beynəlxalq hüquq, ədalət və Qoşulmama Hərəkatının fundamental dəyərlərinin zəfəri olduğunu vurğulayıb. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan ərazilərində törədilmiş vəhşiliklər barədə məlumat verən dövlətimizin başçısı işğal illərində, eləcə də Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına nümayiş etdirdikləri davamlı dəstəyə görə təşkilatın üzv dövlətlərinə minnətdarlıq ifadə edib.

Sonra Azərbaycanın QH-yə indiyə qədər sədrlik etdiyi 21 ay ərzində görülmüş işlərə dair hesabat səsləndirildi. Nazirlər konfransında qəbul edilən Siyasi Bəyannamədə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra bəndlər yer almışdır. Sənəddə Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsü yüksək qiymətləndirilir və qlobal miqyasda belə bir mürəkkəb dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, eləcə də Hərəkata nəzərdə tutulandan 1 il artıq — 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğuna görə Azərbaycana minnətdarlıq ifadə edilmişdir.

Bəyannamədə, həmçinin təşkilatın sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilmiş bir sıra uğurlu layihələr, o cümlədən 2020-ci il mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü formatında iclası, dekabrın 3-4-də keçirilən BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası, eləcə də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair 2021-ci il mart tarixli qətnamə alqışlanır.

Təşkilatın tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə təşkil olunmuş Qoşulmama Hərəkatı Modeli Beynəlxalq Simulyasiya Təlimi də Bəyannamədə yüksək qiymətləndirilir. Sənəddə, həmçinin Azərbaycan tərəfinin təklifinə uyğun olaraq, təşkilata üzv dövlətlərdə postmünaqişə dövrü bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətinin əhəmiyyəti qeyd edilir ki, bu xüsusda mina və digər partlamamış hərbi sursatlarla çirklənməyə ən çox məruz qalmış üzv dövlətlərdə səmərəli minatəmizləmə fəaliyyətinin və bu prosesə beynəlxalq dəstəyin vacibliyi vurğulanır. Qəbul edilən Siyasi Bəyannamə ilə, həmçinin Rusiya Federasiyasının müraciətinə uyğun olaraq bu ölkəyə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu verilir və təşkilatın növbəti Zirvə görüşünün 2023-cü ilin sonunda Uqandada keçiriləcəyinə dair bu ölkənin hökumətinin təklifi də dəstəklənir.

Onu da qeyd edək ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra üzv dövlətlərin təşkilata əlavə 1 il sədrlik etmək müraciətini müsbət cavablandırıb.

Təbii ki, Azərbaycanın 2019-2022-ci illərdə və daha əlavə 1 il, yəni 2023-cü ilədək Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi bir daha möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq.

Ümumiyyətlə, Qoşulmama Hərəkatından gözləntilər böyükdür. Şübhəsiz ki, ilk növbədə QH iqtisadi və sosial problemləri çözə bilmək üçün daha nizamlı mexanizmə sahib olmalıdır. Bir çoxları onu BMT və NATO ilə müqayisədə hələ də simvolik anlamda qəbul edirlər. Doğrudur, QH-nın başlıca məramı dövlətlər arasında qarşılıqlı anlaşma və sülhü qoruya bilməkdir və bu mənada ona analoq yoxdur. Bu istiqamətdə onun rolu heç də azaldılmamalıdır, necə də olsa ona üzv olan 120 dövlətin səsi duyulmaya bilməz. Təşkilatın siyasi, iqtisadi və sosial baxımdan bazasının möhkəmləndirilməsi və daha əməli iş mexanizmlərinin işlənib hazırlanması, sözsüz, onu yaxın gələcəkdə nüfuzlu qurumlarla eyni səviyyəyə yüksəlməsini təmin edə bilər. Bu baxımdan, yeni beynəlxalq iqtisadi-sosial mexanizmin işlənib hazırlanması Hərəkatın yeni bir uğuru ola bilər.

Ümid edirik ki, 2011-ci ildən Hərəkata üzv olduqdan bəri siyasi dəst-xəttində beynəlxalq sülh təşkilatları və forumlarının prinsiplərinə daxili və xarici siyasətində layiqincə riayət etdiyini nümayiş etdirməklə Azərbaycan həm də bu qurumun özünün gələcəkdə ən nüfuzlu təşkilatlara layiqli rəqib ola bilməsi istiqamətində fəaliyyətini artıracaq, digər üzv dövlətlərlə birgə bu işə töhfələr verəcəkdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.