Azərbaycanın qlobal təşəbbüsləri təqdir edilir
Siyasət

Azərbaycanın qlobal təşəbbüsləri təqdir edilir

Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırır

Son 19 ildə Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyilə seçilir. Xüsusilə də Prezident İlham Əliyevin müstəqil siyasəti Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq yüksəlməsini təmin edib.

Vətən müharibəsindəki Zəfərimiz isə ölkəmizin siyasi çəkisini daha da yüksəldib. Əgər bir ölkə çərçivəsində liderlik etmək xalqın etibarını qazanmaqdan qaynaqlanırsa, qlobal səviyyəli lider kimi özünü təsdiqləmək isə dünya ölkələrinin etimadına sahib olmaq bacarığından asılıdır. Azərbaycan Prezidenti bu məsuliyyətli mərhələni uğurla adlaya bilib. Ötən müddət ərzində əhali ilə birbaşa təmasda olan Prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görüb. Hələ 2003-cü ildə ilk dəfə prezident seçilərkən cənab İlham Əliyev 600 mindən çox iş yeri yaradılacağını bildirmiş, bəzilərinin buna fantastika kimi baxmasına rəğmən o, bu vədini də yerinə yetirmişdi. Elə bunun nəticəsidir ki, bu gün ölkəmizdə işsizlik 45 faizdən 5 faizə, yoxsulluq 50 faizdən 5 faizə enib.

2000-ci ilin əvvəllərində bölgələrdə elektrik enerjisi, qaz və su təchizatı, yol infrastrukturu, məktəblərin, xəstəxanaların vəziyyəti qənaətbəxş deyildi. Prezident əhalini narahat edən bu məsələlərin tezliklə yoluna qoyulacağını demişdi. Çox gözləmək lazım gəlmədi. Hazırda ölkə ərazisinin 95 faizi qazlaşdırılıb. Min kilometrlərlə yol çəkilib, üç mindən çox məktəb tikilib, 600-dən çox tibb müəssisəsi yenidən inşa olunub və ya təmir edilib. Bu müddətdə 30-dan çox elektrik stansiyası istifadəyə verilib, Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.

Hakimiyyət sükanının arxasında durduğu ilk gündən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını vəd edən və ötən 19 il ərzində sözlə əməlin vəhdəti nümunəsini ortaya qoyan cənab İlham Əliyev bütün səy və bacarığını respublikamızın davamlı inkişafına, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, çiçəklənməsinə sərf etməkdədir.

Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi çəkisi gündən-günə artan, Avrasiyanın əlverişli nəqliyyat-logistika mərkəzinə çevrilərək qitənin enerji xəritəsini yenidən tərtib edən Azərbaycan reallaşdırdığı transmilli layihələrlə beynəlxalq birliyin ən etibarlı tərəfdaşı hesab olunur. Açıq dənizə çıxışı olmayan bir ölkənin qısa zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilməsi həqiqətən də böyük nailiyyətdir. Bu uğurlar Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin 19 il ərzində həyata keçirdiyi tam müstəqil və düşünülmüş siyasəti fonunda əldə edilib.

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı beynəlxalq layihənin reallaşması qeyri-mümkündür. Şərqdən-qərbə, şimaldan-cənuba gedən ən qısa yollar Azərbaycandan keçdiyi üçün əksər beynəlxalq layihələr ölkəmizin reallığı əsasında gerçəkləşir.

Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı və qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasi və iqtisadi dividendlər qazandırır. İndi Azərbaycan Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahibdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi milyardlarla dollar investisiya yatırılan layihələr ölkəmizin nəyə qadir olduğunu göstərir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin əməkdaşlıq və həmrəyliyə xidmət edən təşəbbüsləri beynəlxalq səviyyədə təqdir edilir. Məsələn, dövlət başçısının təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra dəhlizin quru xətlə birbaşa Avropaya çıxışına imkan yaranıb. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsilə "Şərq-Qərb Beynəlxalq nəqliyyat dəhlizi" üzrə konteyner daşımalarında xeyli artım olub.

Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanı üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkəsi kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.

İlham Əliyev qlobal səviyyədə insanların sağlamlığının qorunması naminə irəli sürdüyü təşəbbüslərlə də dünya siyasətçiləri arasında xüsusi fərqlənir. Dövlət başçısının qlobal təşəbbüsləri dünya ölkələri tərəfindən təqdir edilir. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidentinin qlobal pandemiya ilə mübarizə tədbirləri çərçivəsində irəli sürdüyü təkliflərə nəzər yetirsək görərik ki, İlham Əliyev ümumbəşəri bəlaya qarşı ən effektiv mübarizənin birgə əməkdaşlıqdan keçdiyini söyləmişdi. Ötən ilin aprel ayında İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (Türk Şurasının) koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirilib. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşündə İlham Əliyev BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdir. Bu təklifi Qoşulmama Hərəkatına üzv olan 120 ölkə, o cümlədən BMT-nin 150-dən çox üzv dövlətləri dəstəkləmişdi. Dekabrın 3-də Nyu Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və onun ardınca Qoşulmama Hərəkatının Gənclər Sammiti yaradılmışdır. Bu il iyulun 25-də Bakıda keçirilən Gənclər Sammitində Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gəncləri iştirak edib.

Dünyanın nüfuzlu təşkilatlarından biri olan Qoşulmama Hərəkatının Gənclər Sammitinin yaradılmasının təşəbbüskarı olan Azərbaycan Prezidenti bu addımla həm də dünya gənclərinin bir araya gəlməsi, qlobal problemlərin həllində birgə iştirak etməsi kimi müasir çağırışlara töhfə verəcəkdir.

Azərbaycan enerji təhlükəsizliyi sahəsində də öz təşəbbüsləri ilə seçilir. Bu gün bərpaolunan enerjidən istifadə məsələsinə diqqət bütün dünyada olduğu kimi, ölkəmizdə də getdikcə artır, çünki Azərbaycanın bərpaolunan enerji sahəsini inkişaf etdirmək üçün böyük imkanları var. Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji"yə geniş yer verilməsi də müəyyənləşdirilib. Prezident İlham Əliyev enerji istehsalı gücündə bərpaolunan enerjinin payının indiki 17,3 faizdən 2030-cu ildə 30 faizə çatdırılmasını qarşıya vəzifə kimi qoyur. Beynəlxalq enerji şirkətləri Azərbaycanın bu təşəbbüsünü də dəstəkləyir. Bir sıra ölkələrin enerji şirkətləri ilə bağlanan müqavilələr də bunu göstərir.

Azərbaycan sülhsevər ölkədir. Bunu Vətən müharibəsindən dərhal sonra Ermənistana 5 prinsipdən ibarət sülh sazişi təklifi də təsdiqləyir. Ölkəmizin yaratdığı reallıqlar, sülh təşəbbüsləri də dünya tərəfindən təqdir olunur.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, adını şanlı tariximizə xilaskar lider kimi yazdıran İlham Əliyev bu gün qlobal səviyyədə beynəlxaq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycan Prezidenti önəmli ideyalarla çıxış edir. Bütün bunlar ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırır, onun liderinin isə uzaqgörən, qlobal təşəbbüslər müəllifi olduğunu bir daha təsdiqləyir.

Zümrüd QURBANQIZI,

"Respublika".